Bu gün, aprelin 26-da Ağcabədi rayon (Bakıdan 360 kilometr qərb) sakinləri Şahin Verdiyev, Aydın və Firdovsi Quliyev qardaşları nəzarət postlarından kənar yollarla azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüb. Partlayış nəticəsində Şahin Verdiyev hadisə yerində ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliynin mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Məlumatda deyilir ki, həlak olan Şahverdi Verdiyev bu il martın 30-da da azad olunmuş ərazilərə keçməyə cəhd edərkən polis tərəfindən saxlanılıb və 16 sutka inzibati qaydada həbs edilib.
"Vətəndaşlarımızı bu kimi hallardan nəticə çıxarmağa, həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq," Mətbuat xidmətindən bildirilib.
Bu gün polis daha bir neçə şəxsi qanunsuz yolla azad edilmiş ərazilərə keçərkən saxlayıb.
2021-ci ilin ilk iki ayında 28 nəfər minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib, 3 hərbçi və 6 mülki şəxs həlak olub, 6 mülki şəxs və 7 hərbçi yaralanıb.
Rəsmi statistikaya görə, 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.
Azərbaycan azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir. Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz mindən çox mina var.
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.