Accessibility links

Azərbaycanda Anım Günüdür


Anım günü
Anım günü

Sentyabrın 27-də Azərbaycanın İkinci Qarabağ müharibəsində həlak olan insanların Anım Günüdür.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində həlak olmuş insanların xatirəsini yad etmək üçün hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında tədbirlər keçirir, saat 12-də ölkə ərazisində bir dəqiqəlik sükut olub, ictimaiyyət evlərinin eyvanlarından Azərbaycan və Türkiyənin bayraqlarını asıb. Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda həlak olan insanların ruhuna dualar oxunub. On minlərlə ictimaiyyət nümayəndəsi müharibədə həlak olan insanları yad etmək üçün şəhidlər xiyabanlarını ziyarət edib.

ABŞ-ın Azərbaycandakı səfirliyi 27 sentyabrda Ermənistan ilə Azərbaycan arasında münaqişədə həyatlarını itirənləri yad edib, həlak olanların ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyib.

"Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunda sülhün bərqərar olması istiqamətində işləməyə sadiqdir," ABŞ səfirliyinin məlumatında qeyd edilir.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi əməliyyatlar 2020-ci il sentyabrın 27-də başlayıb və bu 30 ilədək davam edən hərbi qarşıdurmanın davamı olub.

Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra üçtərəfli bəyanat (Azərbaycan, Rusiya, Ermənistan) imzalanıb.

Razılışmaya əsasən Ermənistan 20202-ci il noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb. Artıq Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Tərəflərin razılığı əsasında münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq məqsədi ilə atəşkəsə nəzarət etmək üçün Ağdamda Türkiyə və Rusiya hərbçilərindən ibarət Sülhməramlı Mərkəz yaradılıb.

İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusu 2908 hərbçisini itirib, 6 hərbçi itkin düşüb. Yüzədək mülki insan həlak olub.

Ermənistanın rəsmi məlumatına görə, erməni tərəfi müharibədə 4200-dən çox insanını itirib, yüzdən çox insanı isə itkin düşüb və əsir götürülüb.

Mövzuya uyğun

XS
SM
MD
LG