Accessibility links

Azərbaycan-Ermənistan sərhədində döyüşlər zamanı 8 hərbçi həlak olub, 24 hərbçi itkin düşüb


Azərbaycan Ermənistan sərhədi
Azərbaycan Ermənistan sərhədi

Noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər zamanı həlak olanlar, yaralananlar və itkin düşənlər barədə hər iki tərəf rəsmi məlumat açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Azərbaycan Ordusunun 7 hərbçisi həlak olub, 10 hərbçisi yaralanıb.

“Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir. Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür,” Azərbaycan Müdafiə Nazirliyi bildirir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı bu ölkənin 1 hərbçisi həlak olub, 13 hərbçisi əsir düşüb.

“Döyüş zamanı 24 əsgərlə əlaqə kəsilib və onların taleyi məlum deyil. Hazırda intensiv axtarış aparılır. İki döyüş postu düşmənin nəzarətinə keçib,” nazirliyin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, “noyabrın 17-nə olan məlumata görə bir gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən erməni mövqelərinə irimiqyaslı hücumun həyata keçirildiyi Ermənistanın şərq sərhədində vəziyyət nisbətən sabitdir, atəşkəs haqqında razılaşma əldə olunub və əsasən həyata keçirilir. “Rusiya tərəfinin vasitəçiliyi ilə mövcud vəziyyətin həlli və əsir götürülmüş erməni hərbçilərin geri qaytarılması istiqamətində danışıqlar aparılır,” Ermənistan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Noyabrın 13-dən başlayaraq Ermənistan-Azərbaycan sərhədində gərginliyin artdığı müşahidə edilib. Noyabrın 16-da gərginlik hər iki tərəfdən artilleriyanın tətbiqi ilə lokal döyüşlər şəklində davam etdirilib. Günün sonunda tərəflər Rusiyanın vasitəçiliyi ilə atəşi dayandırıb.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu, 30 illik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən başlayan döyüş əməliyyatlarının dayandırılması barədə 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG