Accessibility links

Azərbaycanda mülki şəxs minaya düşərək həlak olub


İyulun 14-də Göygöl rayonunun (Bakıdan 370 kilometr qərb) Mollacəlilli kənd sakininin piyada əleyhinə minaya düşüb, aldığı xəsarətlərdən hadisə yerində öldüyü bildirilir. Bu barədə Göygöl rayon Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Ramal Ocaqquluyev İkinci Qarabağ müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıq və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Rəsmi məlumata görə, 2020-ci il noyabrın 10-da Azərbaycanla Ermənistan arasında döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 31 vətəndaşı (24 mülki şəxs, 7 hərbçi) həlak olub, 86 hərbi qulluqçu, 31 mülki şəxs yaralanıb.

Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb.

Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir.

Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.

XS
SM
MD
LG