Accessibility links

"Tərtər işi" üzrə zərərçəkənlər vəzifəli şəxslərin cəzalandırılmasını tələb ediblər


"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçirərkən, 24 may, 2022
"Tərtər işi" üzrə həbs olunanların qohumları, eləcə də həmin iş üzrə zərərçəkmişlər prokurorluğun qarşısında etiraz aksiyası keçirərkən, 24 may, 2022

Martın 29-da "Tərtər işi" üzrə zərərçəkənlər Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirib. Martın 28-də hərbçilərə işgəncə verməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Etirazçılar iş üzrə məsuliyyətdən kənarda qalan vəzifəli şəxslərin də cəzalandırılmasını tələb edirlər.

2017-ci ilin mayında vətənə xəyanət ittihamı ilə həbs edilənlərdən bəziləri bəraət alsa da, aralarında ömürlük hökm oxunanı da olan digər hərbçilər həbsdə qalıb. Məhkumların yaxınları onların işinin də istintaqa qayıtmasını, ədalətli hökm çıxarılmasını istəyirlər.

"Məhkəmə qarşısına 4 nəfər çıxarılıb. Oğluma işgəncə ilə öldürüldüyü hərbi hissədən yalnız bir nəfər, işlə əlaqəsi olmayan Rüstəm Ələsgərov məhkəməyə cəlb edilib. Mən etiraz edirəm, çünki qanunsuz əməllərdə əli olan Teymur Məmmədov (hərbi hissənin komandiri) və Hikmən Həsənov (korpus komandanı) kənarda qalıblar", deyə həlak olmuş Elçin Quliyevin anası Validə Əhmədova bildirib.

Əhmədova deyir ki, hərbçilərə qarşı cinayət törətmiş ölkənin hərbi prokuroru Xanlar Vəliyev və Müdafiə Nazirliyinin rəhbərliyi də məsuliyyətə cəlb olunmalıdırlar.

Aksiyanın iştirakçısı, leytenant Atabəy Rəhimov bildirib ki, bəraətdən 4 ay keçməsinə baxmayaraq, bəraət verilən hərbçilər nə hərbi biletlərini alıblar, onlara nə hərbi rütbələri qaytarılıb, nə də hərbi qulluğa bərpa olunublar.

Aksiya iştirakçıları artıq bəraət verilmiş şəxslərin hüquqlarının tam bərpa olunmasını və hələ də həbsdə qalanların azad edilməsini, həmçinin bütün təqsirkarların cəzalandırılmasını tələb ediblər.

Etirazçılar Baş Prokurorluq tərəfindən görüşə çağırılıb. Aksiya iştirakçılarından birinin sözlərinə görə, onlara gələn həftə baş prokuror tərəfindən qəbul ediləcəkləri, "Tərtər işi" üzrə bəraət alanların isə bu həftənin sonuna qədər rütbələrinin bərpa ediləcəyi vəd edilib.

Nə baş verib?

2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsinə başlanıb, bu proses "Tərtər işi" adlandırılıb.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və DİN birgə bəyanatlarında həbsləri şübhəlilərin Ermənistanın xeyrinə casusluqda iştirak etmələri ilə əsaslandırıb. 2017-ci ilin may-iyun aylarında saxlanılan şəxslərə verilən kütləvi işgəncələrdən ictimaiyyət 2019-cu ildə xəbər tutub.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 nəfər uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən az doqquz nəfər işgəncələr nəticəsində dünyasını dəyişib. Qurbanların ailə üzvlərinin çoxsaylı etirazlarından və hüquq müdafiəçilərinin tələblərindən sonra hakimiyyət təhqiqatı bərpa etmək məcburiyyətində qalıb.

2022-ci ilin dekabrında iş üzrə cəza çəkən 19 nəfər bəraət alaraq azadlığa buraxılıb. Ömürlərinin 6 ilə yaxın dövrünü qapalı cəzaçəkmə müəssisənində keçirən vətəndaşlar azadlığa çıxdıqdan sonra da əvvəlki həyatlarına qayıda bilmirlər. Dövlət qurumlarının biganəliyi, bürokratiya və işsizlikdən əziyyət çəkdiklərini deyirlər.

"Tərtər işi" üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib. Hərbçilərə işgəncə verməkdə ittiham olunan 12 nəfər həbs edilib, bir nəfər axtarışa verilib. Ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

XS
SM
MD
LG