Accessibility links

Ağdamda mina partlayışı nəticəsində mülki şəxs xəsarət alıb


Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi (Bakıdan 333 kilometr qərb) ərazisində mina partlaması nəticəsində mülki şəxs xəsarət alıb.

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir ki, Ağdam rayon sakini Bəxtiyar Abbasov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. O, xəstəxanaya təxliyə edilib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.

Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, 2020-ci il Qarabağ müharibəsi başa çatdıqdan sonra 346 nəfər Azərbaycan vətəndaşı mina və döyüş sursatlarının partlaması nəticəsində xəsarət alıb. 65 nəfər, o cümlədən 50 dinc sakin həlak olub, 281 nəfər yaralanıb.

Müşahidəçilərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.

Forum

XS
SM
MD
LG