Accessibility links

Azərbaycan və Ermənistan arasında yeni gərginlik müşahidə edilir


Cəbhə xətti
Cəbhə xətti

Son günlər Azərbaycan-Ermənistan sərhədində durum gərginləşməkdə davam edir. İki ölkənin delimitasiya edilməmiş şərti sərhədi boyunca qarşılıqlı atışmalar olduğu bildirilir. Tərəflər bir-birini günahlandırır.

İki ölkə arasında yaranan son gərginlik aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan arasında keçirilən üçtərəfli görüş zamanına təsadüf edir. Bu görüşün keçirilməsi Azərbaycan tərəfindən kəskin etirazla qarşılanıb.

Azərbaycanın Müdafiə Nazirliyi aprelin 5-də axşam Azərbaycan Ordusunun mövqelərinin Ermənistan Silahlı Qüvvələr tərəfindən atəşə tutulduğu barədə məlumat yayıb.

Nazirliyin press-relizində deyilir ki, aprelin 5-də “Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.”

Nazirlik qeyd edib ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.

Ermənistanın Müdafiə Nazirliyi isə bildirir ki, “Azərbaycan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə ermənilərin döyüş mövqelərini atəşə tutmağa başlayıb. Sərhədin bir neçə istiqamətində atəşin intensivliyi müxtəlif olub.”

Eyni zamanda, “Azərbaycan Silahalı Qüvvələrinin texnikasının İşhanasar istiqamətində fəal hərəkətinin” müşahidə olunduğu qeyd edilir.

Nazirlik bildirib ki, “Azərbaycan tərəfinin yuxarıda qeyd olunan hərəkətləri açıq-aydın təxribat xarakterli olub, son vaxtlar Azərbaycan dezinformasiyasını əsaslandırmaq üçün Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən analoji əks hərəkətləri təhrik etmək məqsədi daşıyır.”

Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında isə deyilir ki, Ermənistan regionda vəziyyətin gərginləşməsində maraqlı deyil və Azərbaycanı vəziyyəti gərginləşdirməyə yönəlmiş hərəkətləri dayandırmağa çağırır.

“Biz həmçinin Azərbaycanın Ermənistanın suveren ərazisində müdafiə strukturlarının yaradılması ilə bağlı qiymətləndirmələrini əsassız hesab edirik, çünki ordu və ordu infrastrukturunda islahatların aparılması hər bir ölkənin suveren hüququdur. Eyni zamanda xatırladırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədindən qoşunların aynalı çıxarılması, silahlara qarşılıqlı nəzarət mexanizmlərinin tətbiqi, təcavüz etməmək haqqında paktın imzalanması və dövlət sərhədinə bitişik ərazilərdə silahlı qüvvələrin demilitarizasiyası barədə Ermənistan təklifləri cavabsız qalır”, Ermənistanın bəyanatında qeyd edilir.

Ermənistan Xarici İşlər Nazirliyi sülh gündəliyinə sadiqliyini, eləcə də Azərbaycana iki ölkə arasında sərhədə bitişik ərazilərin qarşılıqlı silah nəzarəti və demilitarizasiya mexanizmlərinin yaradılması təklifini rəsmən təsdiq etdiyini bəyan edir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bildirir ki, “Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi Bakını məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur”.

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib ki, “Ermənistanın Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır”.

“Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir”, Hacızadənin şərhində deyilir.

Rəsmi Bakı hesab edir ki, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün “ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir”.

“Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək", Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG