Accessibility links

ABŞ Rusiyanın Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı tənqidini qəbul etmir


Metyu Miller
Metyu Miller

Amerika Birləşmiş Ştatları Rusiya Xarici İşlər Nazirliyinin Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşü ilə bağlı tənqidini qəbul etmir.

Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat katibi Mariya Zaxarova aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-ABŞ-Aİ üçtərəfli görüşünü "Qərbin Ermənistanın Rusiya ilə ittifaqını pozmaq səyləri" kimi qiymətləndirib.

"Mən deyərdim ki, regionda gördüyümüz çaxnaşmaların bir qismi Rusiyanın son bir neçə ayda etdiyi hərəkətlərdən qaynaqlanıb", Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller martın 28-də ənənəvi brifinqdə Turan agentliyinin Rusiyanın bəyanatı ilə bağlı sualının cavabında bildirib.

"Brüsseldə keçiriləcək bu görüşə gəlincə, artıq dediyim kimi, o, ticari tərəfdaşlığının şaxələndirilməsi və humanitar ehtiyaclarının təmin edilməsi üzərində işləyən Ermənistanın iqtisadi sabitliyinə həsr olunacaq", o qeyd edib.

Dövlət katibi Antoni Blinken və USAID-in rəhbəri Samanta Pauer aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birlikdə ABŞ və Aİ-nin Ermənistanla üçtərəfli görüşündə iştirak etməyi planlaşdırır.

Martın 28-də Rusiya KİV-ləri Zaxarovadan sitat gətirərək, "bu cür görüşlərin Qərbin həddindən artıq destruktiv yanaşmaları ilə Cənubi Qafqazda daha da möhkəmlənməsinə, orada yeni bölücü xətlər yaratmasına, region ölkələrini anti-Rusiya yolunda getməyə məcbur etməsinə imkan yaratmağa yönəldiyi üçün bir çox region ölkələrində narahatlıq doğurduğunu" yazıb.

Forum

XS
SM
MD
LG