Accessibility links

Rəsmi Vaşinqton ABŞ-Avropa İttifaqı-Ermənistan görüşü ilə bağlı Azərbaycanın mövqeyi ilə razılaşmır


US North Korea
US North Korea

Martın 27-də ənənəvi brifinqdə Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 5-də Brüsseldə Dövlət katibi Antoni Blinken, USAID-in rəhbəri Samanta Pauer, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünə toxunub.

Turan agentliyinin sualının cavabında Miller bildirib ki, ABŞ, Avropa İttifaqı və Ermənistan Brüsseldə Ermənistana aid üçtərəfli görüş ilə bağlı Bakının tənqidini qəbul etmir.

"Aprelin 5-də bu görüşdə əsas diqqət Ermənistana öz ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə kömək etmək üçün iqtisadi dayanıqlığa yönəldiləcək. Mən başa düşmürəm ki, niyə bu, hər hansı ölkə üçün problem olmalıdır”, Metyu Miller qeyd edib.

Miller Avropa İttifaqını və ABŞ-ı sülh prosesinə "mənfi təsir göstərməkdə", yeni "ayırıcı" xətlər yaratmaqda və "sabitliyi pozan hərəkətlərdə" ittiham edən azərbaycanlı həmkarı Ayxan Hacızadənin bəyanatına belə reaksiya verib.

"Əlbəttə ki, bu cür qiymətləndirmələrlə razı deyiləm", o qeyd edib.

"Azərbaycanla bağlı məsələlər müzakirə olunacaqmı?" sualının cavabında Miller deyib ki, "mümkündür ", ancaq bu, "diqqət mərkəzində olmayacaq".

"Brüssel görüşü Ermənistanın iqtisadi dayanıqlığına, ticarət tərəfdaşlarının şaxələndirilməsinə və humanitar ehtiyaclarının ödənilməsinə həsr olunacaq", o bildirib.

Antoni Blinken aprelin 4-də NATO xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Brüsselə səfər edəcək və NATO Baş katibi Stoltenberq, Ukraynanın xarici işlər naziri Kuleba ilə görüşəcək.

Blinken Belçikadan əvvəl aprelin 1-də Fransaya səfər edəcək, Parisdə prezident Makronla görüşərək Ukraynaya dəstəyi, Qəzzada münaqişənin artmasının qarşısının alınması səylərini müzakirə edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Aİ-Ermənistan müştərək konfransı ilə bağlı bildirib ki, bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır".

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, "Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər".

"Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq", Ayxan Hacızadə qeyd edib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşün üçtərəfli əməkdaşlığın gücləndirilməsinə yönəldiyini və heç bir üçüncü tərəfə qarşı yönəlmədiyini bildirib.

“Azərbaycanın erməni tərəfini regionda sabitliyi pozmaqda və danışıqlar prosesində qeyri-konstruktiv davranmaqda ittiham etməsinə gəlincə, bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanla artıq razılaşdırılmış prinsiplər əsasında dərhal sülh müqaviləsinin imzalanmasına, sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların açılmasına hazırdır” – deyə o bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçən həftə “Armenress” agentliyinə aprelin 5-də Brüsseldə Aİ, ABŞ və Ermənistan arasında planlaşdırılan görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektlərinin müzakirə olunacağının gözlənildiyini bildirib. Armen Qriqoryan danışıqların Ermənistanın müqavimətinin gücləndirilməsi məqsədi daşıdığını deyib və yaxın gələcəkdə görüşlə bağlı daha ətraflı danışmaq imkanı olacağını qeyd edib.

Forum

XS
SM
MD
LG