Accessibility links

ABŞ-ın daimi nümayəndəsi Cənubi Qafqaz ölkələrinin NATO ilə əməkdaşlığından danışıb


Julianne Smith (Rəsmi foto)
Julianne Smith (Rəsmi foto)

ABŞ-ın NATO yanında daimi nümayəndəsi, səfir Julianne Smith aprelin 2-də keçirdiyi onlayn mətbuat konfransında NATO -nun Baş katibi Yens Stoltenberqin bu ilin martında Cənubi Qafqaz ölkələrinə baş tutan səfərini “çox vacib səfər” kimi qiymətləndirib.

“Qafqaz məsələsinə gəlincə, baş katib bu yaxınlarda regionda idi və bilirəm bu, onun üçün çox vacib bir səfər idi. O, bir neçə fərqli paytaxta səfər edə bildi. Bu, daha geniş mənada NATO tərəfdaşlığının dəyərindən xəbər verir. Bunların hamısı, Gürcüstanın timsalında, NATO Alyansı ilə əlaqələri olan ölkələrdir. Gürcüstan bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Əlbəttə, xatırlayırsınız, 2008-ci ildə biz necə bəyan etmişik, həm Ukrayna, həm də Gürcüstan NATO Alyansına üzv olacaqlar və biz Gürcüstandakı dostlarımızla onların üzvlük istəkləri istiqamətində işləmək üçün lazım olan islahatlar üzərində işləməyə davam edirik”, o Turan agentliyinin sualının cavabında deyib.

Julianne Smith həmçinin Azərbaycan və Ermənistanda iş aparıldığını bildirib.

“Amma başqa ölkələr də var. Ermənistan və Azərbaycan da NATO alyansı ilə münasibətlərini dərinləşdirməyin yollarını axtarır. Bu, hər bir tərəfdaşın öz-özünə üzvlük istəmədiyi bu tərəfdaşlıqların dəyərindən danışır, lakin dünyanın bir çox ölkəsi dezinformasiya məsələsi olsun və ya kiberhücumlar və ya dəniz təhlükəsizliyi məsələləri olsun, bəzi ümumi təhlükəsizlik problemlərimizi müzakirə etmək üçün NATO müttəfiqləri ilə görüşməkdə böyük dəyər tapır. Dünyadakı tərəfdaşlarımızla müzakirə etdiyimiz bir sıra mövzular var və Qafqazdakı dostlarımıza aydındır ki, onlar Alyansla tərəfdaşlıqlarında real dəyər tapırlar və mən şübhə etmirəm ki, NATO müttəfiqləri bu sahədə dəyər tapırlar”, o qeyd edib.

ABŞ-ın NATO yanında daimi nümayəndəsi aprelin 4-5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Şimali Atlantika Şurasının xarici işlər nazirlərinin iclasında Cənubi Qafqazla bağlı məsələnin gündəlikdə olmayacağını bildirib.

“Bu məsələnin nazirlər görüşündə müzakirə olunub-olunmayacağına gəlincə, mən bunu gündəliyin formal hissəsi kimi görmürəm, amma görək bu məsələ qarşıdakı iki gün ərzində müzakirələrimiz çərçivəsində qaldırılacaqmı”, Julianne Smith bildirib.

Martın 17-dən 19-dək NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanda, Gürcüstanda və Ermənistanda səfərdə olub.

Səfər zamanı NATO ilə əməkdaşlıq, regionda sülh, Ukraynaya dəstək, Qara Dəniz regionunda durum, enerji təhlükəsizliyi məsələləri müzakirə mövzusu olub.

Forum

XS
SM
MD
LG