Accessibility links

Paris Azərbaycanı, Bakı isə Fransanı bölgədə gərginliyi artırmaqda ittiham edir


Stefan Sejurne, Fransanın Avropa və xarici işlər naziri
Stefan Sejurne, Fransanın Avropa və xarici işlər naziri

Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü təhdid etməkdə və saxta xəbərlərlə gərginliyi artırmaqda ittiham edib. Rəsmi Bakı isə cavab olaraq Fransanı bölgədə gərginlik yaratmaqda və sülh prosesinə mane olmaqda günahlandırıb.

Aprelində 2-də Parisdə ABŞ dövlət katibi Antoni Blinkenlə görüşən nazir Stefan Sejurne görüşdən sonra birgə mətbuat konfransında Ermənistanın ərazi bütövlüyü məsələsini müzakirə etdiklərini açıqlayıb.

“Biz bu gün Ermənistanın Azərbaycan tərəfindən təhdid edilən ərazi bütövlüyü barədə danışdıq. Onu da deyim ki, Azərbaycanın ritorikasının nəzarətdən çıxması bizi nə dərəcədə narahat edir. Biz Bakıdan Ermənistanı eskalasiyada günahlandıran külli miqdarda saxta xəbərlər gəldiyini görürük. Baxmayaraq ki, Ermənistan bundan yayınmağa çalışır”, Stefan Sejurne vurğulayıb.

Azərbaycanın aparadığı təbliğatın bir çox elementlərinin Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi təbliğatla üst-üstə düşdüyünü qeyd edən Fransanın Xarici İşlər Naziri Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində bu məsələləri diqqət mərkəzində saxlayacaqlarını əlavə edib.

Ayxan Hacızadə
Ayxan Hacızadə

Məsələyə münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə səsləndirilən iddiaları əsassız adlandırıb və “Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsi” olduğunu qeyd edib.

“Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir”, Hacızadə əlavə edib və Fransanı Azərbaycanın “imicinə xələl gətirmək məqsədi güdən” çağırışlardan çəkinməyə çağırıb.

Parisdən sonra Brüsselə yola düşəcək ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı fransalı nazir Stefan Sejurne ilə birgə mətbuat konfransında Azərbaycan-Ermənistan məsələsi barədə heç bir şərh verməyib.

Antoni Blinken aprelin 5-də Brüsseldə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenlə birgə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Azərbaycan Müdafiə Nazirliyi martın 31-də məlumat yayaraq Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirildiyini bildirib. Ermənistan tərəfi isə bu məlumatın həqiqətə uyğun olmadığını qeyd edib.

Azərbaycanın Müdafiə Nazirliyi aprelin 2-də Naxçıvan istiqamətindəki mövqelərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib. Ermənistan tərəfi bu məlumatı da təkzib edib və Azərbaycan tərəfini atəşkəsi pozmaqda günahlandırıb.

Forum

XS
SM
MD
LG