Azərbaycan və Ermənistan delimitasiya olunmamış sərhəddə durumla bağlı məlumatlar yayıb.
“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur”, Azərbaycan Müdafiə Nazirliyinin martın 31-də yaydığı bəyanatda bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdinin olduğu təqdirdə bunun qarşısının qətiyyətlə alınacağını bildirib.
Ermənistan Müdafiə Nazirliyi isə bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin “guya sərhəd zonasının müxtəlif istiqamətlərində şəxsi heyətin, zirehli texnikanın, artilleriya və digər atəş silahlarının yığılması və aktiv yerdəyişməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil”.
Ermənistan Müdafiə Nazirliyi həmçinin bildirir ki, dünən, martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən çağırışçı sürücülərin fotoşəkilləri bir sıra Teleqram kanallarında yayılaraq, bunu qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar və bu, doğru deyil.
Nazirlik bəyan edir ki, Ermənistan-Azərbaycan “dövlət sərhədində son əməliyyat vəziyyətini stabil qiymətləndirir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür”.
İki ölkənin sərhədindəki durumla bağlı Azərbaycan və Ermənistanın bəyanatları aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ərəfəsinə təsadüf edir.
Rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin azad olunmasını tələb edib.
“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”, rəsmi Bakı martın 9-da bəyan edib.
Ermənistan baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib. Bununla yanaşı həmin kəndlərin Azərbaycana qaytarılması hələ baş verməyib.
Martın 18-də Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin sakinləri ilə görüşən Paşinyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına başlanıldığını bildirib və əsas məqsədin “müharibəyə yol verilməməsi” olduğunu əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli telekanallara müsahibəsində Azərbaycanın Ermənistan tərəfindən “işğal altında qalan səkkiz kəndinin məsələsi”nin daim gündəlikdə olduğunu deyib.
Rəsmi Yerevan da öz növbəsində Azərbaycanın nəzarətində olan Ermənistan kəndlərinin məsələsini qaldırır ki, baş nazir Nikol Paşinyan əvvəlki çıxışlarında 31 belə kənd və yaşayış məntəqəsinin olduğunu qeyd edib.
Forum