Accessibility links

Nikol Paşinyan: Azərbaycanla sülh əlçatandır


Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxış edir
Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxış edir

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün təkcə mümkün deyil, həm də əlçatan olduğunu deyib.

Nikol Paşinyan sentyabrın 26-da BMT Baş Assambleyasındakı çıxışı zamanı bildirib ki, avqustun 30-da iki ölkənin komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb və bu sənədlə Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsini iki ölkə arasında sərhədin müəyyənləşdirilməsinin əsas prinsipi kimi müəyyən etmək və buna uyğun hərəkət etmək barədə razılığa gəliblər.

“Bu o deməkdir ki, Ermənistan və Azərbaycan sülhün bərqərar olması üçün fundamental amil olan Sovet İttifaqı dövründə mövcud olmuş bir-birinin ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını tanımaq prinsipini de-yure təsdiqləyiblər”, Nikol Paşinyan vurğulayıb.

Ermənistanın Baş naziri növbəti addım kimi iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin imzalanmalı olduğunu və Ermənistanın buna hazır olduğunu deyib.

“Azərbaycan Prezidenti və mən dəfələrlə qeyd etmişik ki, qeyd olunan sazişin ən azı 80 faizi razılaşdırılıb. İndi Ermənistan bu tarixi fürsətdən yararlanmaq və dalana dirənmək riskindən qaçmaq üçün əvvəllər razılaşdırılmış hissələr üzrə Sülh Sazişi bağlamağı, sonra isə qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edir”, Paşinyan əlavə edib.

Ermənistanın Baş naziri bu təklifi irəli sürmələrini əsaslandırmaq üçün qeyd edib ki, sülh sazişi və ya hər hansı müqavilənin bütün problemləri həll etməsinə dair heç bir presedent yoxdur və bu təcrübədə də mümkün deyil.

Onun sözlərinə görə, razılaşdırılmış maddələri ehtiva edən sülh müqaviləsinin imzalanması konsensus əldə edilə bilməyən məsələlərin həllini xeyli asanlaşdıracaq.

Rəsmi Bakı Nikol Paşinyanın daha əvvəl də səsləndirdiyi bu təklifini “qəbuledilməz” hesab edib.

Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olmadığını deyir

Nikol Paşinyan həmçinin rəsmi Bakının Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer alması və bunun sülh sazişinin imzalanmasına əsas maneə olmasına dair səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bakı daha əvvəl qeyd edib ki, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Azərbaycan prezidenti İlham Əliyev son dövrlərdə etdiyi çıxışlarında Ermənistan Konstitusiyasına dəyişiklik edilməli olduğunu, ATƏT-in Minsk qrupunun ləğv edilməli olduğunu qeyd edib.

Nikol Paşinyan daha əvvəlki çıxışlarında olduğu kimi Nyu Yorkda da Ermənistan Konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiası olmadığını, əksinə Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olduğunu, ancaq bunu sazişin imzalanması üçün maneə kimi görmədiklərini deyib.

Ermənistan Baş nazirinin sözlərinə görə, sırf bu məsələnin həlli üçün Sazişə “tərəflərdən heç biri bu Sazişin həyata keçirilməməsinə əsas kimi öz daxili qanunvericiliyinin müddəalarına istinad edə bilməz” müddəasını əlavə etmək olar.

“Ermənistan Konstitusiyasına görə, konstitusiyaya zidd olan sazişlər ratifikasiya edilə bilməz. Azərbaycanla sülh sazişini imzaladıqdan sonra biz onun konstitusiyaya uyğunluğunu aydınlaşdırmaq üçün Konstitusiya Məhkəməsinə göndərməliyik. Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişinin konstitusiyaya zidd olduğuna qərar versə, onda biz sülhə nail olmaq üçün konstitusiya dəyişikliklərinin zəruri olacağı konkret vəziyyətlə üzləşəcəyik”, Paşinyan deyib və əlavə edib ki, ekspertlər bunun baş verməyəcəyinə əmin edir.

Baş nazir bildirib ki, Ermənistan Konstitusiyasına əsasən, ratifikasiya olunmuş beynəlxalq sazişlər Ermənistanın daxili qanunvericiliyindən üstündür və buna görə də Azərbaycanla sülh müqaviləsi imzalandıqdan və ratifikasiya edildikdən sonra nəzəri cəhətdən ərazi iddiaları kimi şərh edilə bilən qanunlar mövcud olsa belə, həmin qanunlar Ermənistan-Azərbaycan Sülh Müqaviləsinə tabe olacaq və avtomatik olaraq hüquqi qüvvəyə malik olmayacaq.

Rəsmi Bakı daha əvvəl Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları olmasına dair fikirləri rədd edib.

Azərbaycan tərəfi, həmçinin, Nikol Paşinyanın Konstitusiya ilə bağlı ziddiyyətli məsələlərin həlli üçün sülh sazişinə qeyd edilən müddəanın əlavə edilməsi təklifini də əsassız hesab edir və heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığına israr edir.

“Almatı bəyannaməsi çərçivəsində Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə Ermənistan Baş nazirinin açıqlamasına gəldikdə, Azərbaycan XİN qeyd edir ki, “Baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik”, Azərbaycan Xarici İşlər Nazirliyinin 10 sentyabr tarixli bəyanatında qeyd edilir.

Digər tərəfdən, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Turan agentliyinin ABŞ müxbiri Ələkbər Raufoğlu görüşü Vaşinqton danışıqlarının davamı kimi şərh edib. Görüşdən sonra hər iki ölkənin xarici işlər nazirlikləri oxşar məlumat yayıb.

“Tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması istiqamətində əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər”, hər iki ölkənin məlumatında qeyd edilir.

ABŞ Dövlət Departmentinin məlumatına görə, dövlət katibi Blinken Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdikləri tərəqqiyə görə hər iki naziri təqdir edib və hər iki ölkəni sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün davamlı tərəqqiyə təşviq edib.

Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb.

Forum

XS
SM
MD
LG