Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.
Bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
Məlumata görə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
"Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar", məlumatda qeyd edilib.
Ermənistan Xarici İşlər Nazirliyi də eyni məzmunlu məlumat yayıb.
“Ermənistan ilə Azərbaycan arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan ilə Ermənistan arasında Dövlət Sərhədinin Delimitasiyası üzrə Dövlət Komissiyasının 8-ci iclasının Protokoluna uyğun olaraq, 2024-cü il aprelin 19-da imzalanmış komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması üzrə işləri başa çatdırıblar. 30 avqust 2024-cü ildə müvafiq olaraq Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Hazırda Ermənistan və Azərbaycan dövlətdaxili prosedurları həyata keçirməyə başlayıblar”, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Əsasnamənin imzalanması Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-19-da Bakıya səfərindən sonra avqustun 23-də Ermənistan Baş naziri Nikol Paşinyan və avqustun 28-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarından sonraya təsadüf edir.
2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının səkkizinci görüşündə tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.
Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər. Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Bu il mayında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib.
Məlumatda deyilir ki, həmin kəndlərin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bildirib ki, mayın 24-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistanın dövlət sərhədinin Tavuş vilayətində Berkaber qəsəbəsi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis yaşayış məntəqələri yaxınlığında 4,9 kilometr uzunluğunda hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürüb.
Bildirilir ki, 2024-cü il iyulun 24-dək həmçinin Kirants kəndi ərazisində dövlət sərhədinin 5,8 kilometrlik hissəsinin mühafizəsinə keçid həyata keçirilib.
Forum