ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün növbəti bir neçə həftə ərzində regionda səfərdə olacaq.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə bildiriblər.
“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır”, məlumatda qeyd edilir.
Xatırladaq ki, Lui Bono mayın 23-də Ermənistanda baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirib.
Görüşlərdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə, o cümlədən sülh müqaviləsi layihəsinin əsas məsələlərinə yanaşmalara və onların razılaşdırılması səylərinə toxunulub.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Ararat Mirzoyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı hər iki ölkənin ən yüksək səviyyədə ifadə etdiyi öhdəliklərə riayət edilməsinin, bu prinsipin sazişdə təsbit edilməsinin və bu bəyannamə əsasında delimitasiya prosesinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların son iclaslarında əldə olunan razılaşmalar da vurğulanıb.
“Ermənistanın xarici işlər naziri və ABŞ Dövlət Departamentinin nümayəndəsi regional kommunikasiyaların blokunun açılması məsələlərinə dair fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ararat Mirzoyan mövzu ilə bağlı son müzakirələri, suverenliyə və milli qanunvericiliyə hörmət, bərabərlik və qarşılıqlılıq kimi tanınmış prinsiplərə əməl etməyə davam edən Ermənistanın yanaşmalarını təqdim edib”, məlumatda qeyd edilir.
Forum