Accessibility links

ABŞ Dövlət katibinin köməkçisinin müavini regionda səfərdədir


Coş Huk (Josh Huck) (Mənbə: Dövlət Departamenti)
Coş Huk (Josh Huck) (Mənbə: Dövlət Departamenti)

ABŞ Dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə köməkçisinin müavini Coş Huk (Josh Huck) bir sıra məsələləri müzakirə etmək üçün yüksək səviyyəli rəsmilər, biznes ictimaiyyəti və vətəndaş cəmiyyəti ilə görüşmək üçün oktyabrın 15-dən 27-dək Türkiyə, Azərbaycan və Ermənistanda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

“O, regionda olarkən ABŞ-ın Cənubi Qafqazda davamlı və ləyaqətli sülhü dəstəkləmək işini davam etdirəcək”, ABŞ səfirliyinin məlumatında deyilir.

Bundan öncə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono oktyabrın 9-da Bakıda, oktyabrın 11-də Yerevanda olub. Görüşlər zamanı regiondakı mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib.

Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb.

Forum

XS
SM
MD
LG