Accessibility links

Almatı görüşündən gözləntilər - səfir Riçard Kazlariç şərh edir


Almatı görüşündən gözləntilər - səfir Riçard Kazlariç şərh edir
please wait

No media source currently available

0:00 0:06:49 0:00

Almatı görüşündən gözləntilər - səfir Riçard Kazlariç şərh edir

Mayın 10-da Qazaxıstanda Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilir.Tərəflərin sülh prosesinin irəlilədilməsi istiqamətində ikitərəfli görüşü Azərbaycan və Ermənistan arasında bu ilin sonuna qədər sülh razılaşmasının əldə edilə biləcəyi ilə bağlı ümidlərin artmasına səbəb olub. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Almatı danışıqlarından gözləntilər və Azərbaycan-Ermənistan sülh prosesinin irəlilədilməsi istiqamətində səylər haqda danışıb.

Amerikanın Səsi: Mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib. Müzakirələr Almatı Bəyannaməsinin daxil edilməsi məsələsini əhatə edir və görüşün sülh gündəliyinə əhəmiyyətli təsir göstərə biləcəyi gözlənilir. Sizin görüşdən gözləntiləriniz nədir? Bu görüş iki ölkə arasında sülh prosesinin irəliləməsi baxımından nə dərəcədə əhəmiyyətlidir?

Riçard Kazlariç: Hər iki xarici işlər nazirinin sülh sazişinin konturları çərçivəsində irəliləyiş əldə edə bilməsi həlledici ola bilər. Və mən hesab edirəm ki, hər bir fürsət, xüsusən də Rusiyanın əlaqəsi olmadığı fürsət sülhə doğru addım atmaq üçün bir imkandır. Amma mən sülh sazişinin astanasında olduğumuzu deməyə əsas verəcək yeni bir şeyin baş verib-vermədiyini bilmirəm. Lakin digər tərəfdən, xarici işlər nazirləri arasında görüşün keçirilməsini vacib hesab edirəm.

Amerikanın Səsi: Danışıqlara ev sahibliyi edən Qazaxıstanın vasitəçi rolu olmasa da, görüşün Sovet İttifaqının mövcudluğunun sonlandığını təsdiq edən Bəyannamənin imzalandığı Almatıda keçirilməsi bir çox müşahidəçilər tərəfindən simvolik olaraq qəbul edilir. Siz bu barədə nə düşünürsünüz?

2 Riçard Kazlariç: Bu, simvolik ola bilər. Ancaq bilirsinizmi, sadəcə olaraq orijinal Almatı Bəyannaməsinin simvolunun olması kifayət deyil. Həqiqətən də konkret məqamlarda irəliləyiş olmalıdır. Sərhədin delimitasiyası sülh sazişi ilə nəticələnə bilən yollardan biridir. Bu simvolik əlaqənin olması gözəldir. Düşünürəm ki, ev sahibinin görüşün iki tərəfi bir araya gətirməyə görə məsuliyyət daşıyan vasitəçi deyil, iki xarici işlər nazirlərinin özlərinin keçirməli olduğunu vurğulaması yaxşı haldır. Buna görə də bu baxımdan müəyyən mənada məhz bu simvolizm görüşün məkanı və Almatı Bəyannaməsi ilə üst-üstə düşməsi faktından daha önəmlidir.

Amerikanın Səsi: Almatıda ikitərəfli danışıqlar Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının görüşündən sonra keçirilir. Görüşdə Azərbaycanın dörd kəndi ilə bağlı razılıq əldə edilib. Sərhəd komissiyaları həmçinin delimitasiya prosesinin 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacağı barədə razılıq əldə edilib. Həmçinin baş nazir Paşinyan danışıqlar çərçivəsində Azərbaycanın dörd kəndinin təhvil verilməli olduğunu açıqlayıb. Bir çox müşahidəçilər bu inkişafları iki ölkənin irəliləməyə hazır olmasının müsbət göstəricisi hesab edirlər. Siz bu inkişafları necə qiymətləndirirsiniz?

Riçard Kazlariç: Baxmayaraq ki, bu, daha geniş mənzərənin yalnız bir hissəsidir, mən razıyam ki, iki tərəfin sərhədlə bağlı qərarı vacibdir. Məni Ermənistanın daxilində vəziyyət narahat edir. Mən əldə olunan razılaşmaya qarşı bu nümayişlərin görüntülərini gördüm. Düşünürəm ki, bu, sülh sazişinin əldə olunması prosesinin nə qədər çətin olacağının göstəricisidir. Bununla belə, bu addımın atıldığına nikbin baxıram. Düşünürəm ki, indi təkcə sərhədlərin demarkasiyası məsələsini həll etmək deyil, həm də həllini gözləyən bəzi digər məsələləri həll etməyə başlamaq üçün bunu necə genişləndirmək məsələsi ortaya çıxacaq. Bunlar minaların, partlamamış hərbi sursatların təmizlənməsi, nəqliyyat marşrutları və Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinə qayıdışla bağlı bütün digər məsələlərdir.

Amerikanın Səsi: Çoxları bu ilin sonunda Bakıda keçiriləcək BMT-nin əsas iqlim sammiti olan COP29-a qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalana biləcəyinə ümid etdiklərini bildirir. Siz bu optimizmi bölüşürsünüzmü?

Riçard Kazlariç: Ümid etmək istərdim ki, sabah imzalansın. Demək istəyirəm ki, mən həmişə Ermənistan və Azərbaycan arasında sazişin imzalanması üçün kifayət qədər irəliləyişin əldə olunacağına ümid edirəm. Real olaraq bunun çətin olacağını düşünürəm. Noyabrda keçiriləcək COP29 tədbirindən əvvəl hərtərəfli sülh sazişinə nail olmaq və onu imzalamaq üçün bir araya gətirilməli olan bütün məsələləri bir araya gətirmək imkansız deyil, amma çətin məsələdir. Ona görə də mən ümidliyəm, amma optimist deyiləm. İcazə verin bunu belə ifadə edim: Razılığın əldə oluna biləcəyinə ümidlə baxıram, lakin bu müddət ərzində bütün məsələlərin bir araya gətirilə biləcəyi məsələsində nikbin deyiləm.

Amerikanın Səsi: Sizin fikrinizcə, tərəflər danışıqları ikitərəfli formatda davam etdirəcəklərmi? ABŞ, Aİ kimi beynəlxalq vasitəçilər və Rusiya gələcəkdə prosesdə hansı rolu oynayacaqlar?

Riçard Kazlariç: Mən həmişə hesab etmişəm ki, vasitəçilərin rolu tərəflərə ikitərəfli formatda birbaşa qarşılıqlı fəaliyyətə imkan yaratmaqdır. Ona görə də əgər bu proses ikitərəfli təmasların fiziki olaraq yerindən asılı olmayaraq davam etdirilsə bu, müsbət əlamət olardı. Mən xüsusilə də Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyanın beynəlxalq vasitəçi kimi müsbət rol oynaya biləcəyini düşünmürəm. Müəyyən bir nöqtədə Avropa İttifaqı və ABŞ-ın hələ də rolu ola bilər. Amma hesab edirəm ki, bu ikitərəfli qarşılıqlı əlaqənin təkcə xarici işlər nazirləri arasında daha çox görüşlərlə deyil, həm də hərtərəfli sülh sazişinin tərkib hissəsi olmalı olan bütün məsələlərin həllinə yönəlmiş daha çox fəaliyyətlə davam etdirilməsi hamının marağındadır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Forum

XS
SM
MD
LG