Accessibility links

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycanda səfərdədir


Ceyhun Bayramov Lui Bono ilə görüşüb (FOTO: Azərbaycan XİN)
Ceyhun Bayramov Lui Bono ilə görüşüb (FOTO: Azərbaycan XİN)

İyunun 3 -də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan - ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatda deyilir ki, nazir Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.

“Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son inkişaflar barədə ətraflı məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov, xüsusilə delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha təsdiq etdiyini vurğulayıb” məlumatda deyilir.

Bundan əlav ə məlumatda mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində konstuktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi vurğulanıb.

Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə öz növbəsində ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün növbəti bir neçə həftə ərzində regionda səfərdə olacaq.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə bildiriblər.

“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək. ABŞ Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırdır”, məlumatda qeyd edilir.

Lui Bono mayın 23-də Ermənistanda baş nazirin müavini Mher Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirib.

Görüşlərdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələrə, o cümlədən sülh müqaviləsi layihəsinin əsas məsələlərinə yanaşmalara və onların razılaşdırılması səylərinə toxunulub.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Ararat Mirzoyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı hər iki ölkənin ən yüksək səviyyədə ifadə etdiyi öhdəliklərə riayət edilməsinin, bu prinsipin sazişdə təsbit edilməsinin və bu bəyannamə əsasında delimitasiya prosesinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların son iclaslarında əldə olunan razılaşmalar da vurğulanıb.

“Ermənistanın xarici işlər naziri və ABŞ Dövlət Departamentinin nümayəndəsi regional kommunikasiyaların blokunun açılması məsələlərinə dair fikir mübadiləsi aparıblar. Bu kontekstdə Ararat Mirzoyan mövzu ilə bağlı son müzakirələri, suverenliyə və milli qanunvericiliyə hörmət, bərabərlik və qarşılıqlılıq kimi tanınmış prinsiplərə əməl etməyə davam edən Ermənistanın yanaşmalarını təqdim edib”, məlumatda qeyd edilir.

Forum

XS
SM
MD
LG