Accessibility links

Vedant Patel: ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır


Vedant Patel (Mənbə: Dövlət Departamenti)
Vedant Patel (Mənbə: Dövlət Departamenti)

ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır.

Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə Turan agentliyinin sualına cavabda bildirib.

Aprelin 20-də ABŞ-nin Dövlət katibi Antoni Blinken X platformasında bu razılaşmanı alqışlayıb.

“Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyasını davam etdirməyə razılıq verməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli sülh sazişinin bağlanması istiqamətində mühüm addımdır”, Vedant Patel bildirib.

2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan sərhəd komissiyaları Azərbaycanın Qazax rayonunun dörd kəndinin qaytarılması barədə razılığa gəlib.

İki ölkənin sərhəd komissiyaları delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızılhacılı (Azərbaycan) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

Xatırladaq ki, rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin ilkin olaraq azad olunmasını tələb edib.

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir,” rəsmi Bakı martın 9-da bəyan edib.

Azərbaycan hesab edir ki, 4 kənd qaytarıldıqdan sonra digər anklav kəndlərlə və delimitasiya ilə bağlı danışıqları davam etdirmək olar.

Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib.

Forum

XS
SM
MD
LG