Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin iyunun 11-də yaydığı məlumatda deyilir.
Görüşdə nazirlər Azərbaycan-Almaniya münasibətlərinə böyük önəm verdiklərini, əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.
Məlumatda deyilir ki, Ceyhun Bayramov Annalena Berboka post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb.
“Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb” rəsmi məlumatda deyilir.
Bundan əlavə məlumatda qeyd edilir ki, görüşdə, bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində Almaniya tərəfi ilə əməkdaşlıq üçün əlavə imkanlar mövcud olduğu vurğulanıb.
Bu çərçivədə Petersberq Dialoqunun birgə uğurlu təşkilinin, eləcə də hal-hazırda keçirilən Bonn Konfransının əhəmiyyəti qeyd edilib.
İyunun 7-də Ermənistanın Xarici İşlər Nazirliyi yaxın 1 ayda sülh sazişini imzalamağa hazır olduqları barədə bəyanat yaymışdı.
Ondan bir gün əvvəl Azərbaycanın Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyəti ilə görüşdə Ermənistanla danışıqların bəzi detallarına toxunmuşdu.
Prezident həmçinin bildirmişdi ki, Ermənistanın hazırkı Konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil.
Bir gün sonra Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayaraq heç bir qonşusuna, o cümlədən Azərbaycana ərazi iddiasının olmadığını bildirib
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin delimitasiyası və demarkasiyası barədə ilkin razılaşma əldə ediblər.
Razılaşma 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Bakının suverenliyinə qaytarılması və sərhədlərin delimitasiya prosesinin 1991-ci il Alma-Ata bəyannaməsi əsasında davam etdirilməsini nəzərdə tuturdu.
Forum