Accessibility links

Avropa Şurası Nazirlər Komitəsinin sədri Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini ifadə edib


Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Qabrielius Landsberqis
Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Qabrielius Landsberqis

Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Nazirlər Komitəsinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə tam dəstəyini ifadə etdiyini bildirib.

“Ümid edirəm ki, davam edən müzakirələr tezliklə razılığa gətirib çıxaracaq və regiona lazım olan sabitliyi bərpa etməyə imkan verəcək”, Landsberqis iyunun 25-i Avropa Şurası Parlament Assambleyası qarşısında qeyd edib.

2001-ci ildə Avropa Şurasına daxil olarkən hər iki ölkənin münaqişəni sülh yolu ilə həll etməyə razılaşdığını xatırladan litvalı nazir əlavə edib ki, münasibətlərin normallaşdırılması istiqamətində ən yüksək səviyyədə siyasi iradə, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı tam hörmət sülh sazişinin əldə edilməsi üçün açardır.

“Bu kontekstdə dialoqu və barışığı təşviq etmək üçün Avropa Şurası tərəfindən təklif olunan bir sıra etimad quruculuğu tədbirləri hər iki ölkə üçün əlçatan olaraq qalır”, Landsberqis deyib.

Avropa Şurası Nazirlər Komitəsi mayın 16-17-də nazirlər səviyyəsində keçirilən iclasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına toxunaraq, ərazi bütövlüyünün qarşılıqlı tanınması, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq edilməməsi prinsiplərinə əsaslanan sülh prosesinə tam dəstəyini ifadə edib və sərhədlərin 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan delimitasiya prosesini alqışlayıb.

Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin 1991-ci il Almatı bəyannaməsi əsasında delimitasiyası və demarkasiyası barədə ilkin razılaşma əldə ediblər.

Delimitasiya işləri nəticəsində iki ölkə arasında 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və 1990-cı ildən Ermənistanın nəzarətində olan Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edilib.

Forum

XS
SM
MD
LG