Azərbaycan baş nazirinini müavini Şahin Mustafayevin ofisinin məlumatına görə, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib.
Məlumatda deyilir ki, həmin kəndlərin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Ermənistan Milli Təhlükəszilik Xidməti də qeyd edilən sərhəd hissəsinin delimitasiyasının başa çatdığını təsdiq edib.
Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir ki, mayın 24-dən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Ermənistanın dövlət sərhədinin Tavuş vilayətində Berkaber qəsəbəsi yaxınlığında 1,9 kilometr, Voskepar və Bağanis yaşayış məntəqələri yaxınlığında 4,9 kilometr uzunluğunda hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürüb.
Bildirilir ki, 2024-cü il iyulun 24-dək həmçinin Kirants kəndi ərazisində dövlət sərhədinin 5,8 kilometrlik hissəsinin mühafizəsinə keçid həyata keçiriləcək.
Xatırladaq ki, mayın 15-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə sərhəd komissiyalarının görüşü baş tutub.
Rəsmi məlumata görə, komissiyalar 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Digər sözlə, tərəflər aprelin 19-da əldə edilən ilkin razılaşma üzrə Azərbaycanın Qazax, Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin, xüsusən də Azərbaycanın nəzarətinə qaytarılan 4 kənd ətrafında sərhədlərin delimitasiyası üzrə işləri başa çatdırıblar.
Forum