Accessibility links

Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclasında regionda sülh və təhlükəsizlik məsələləri müzakirə edilib


Hikmət Hacıyev və Enrike Mora
Hikmət Hacıyev və Enrike Mora

Avropa İttifaqı və Azərbaycan tərəflər arasındakı Təhlükəsizlik Dialoqunun iyunun 13-də Brüsseldə baş tutan beşinci iclasında ikitərəfli münasibətlər, təhlükəsizlik və xarici siyasət üzrə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Azərbaycan-Ermənistan sülh danışıqları prosesi üzrə müzakirələr aparıblar.

Bu barədə Aİ-nin Xarici Fəaliyyət İdarəsinin iyunun 19-da yaydığı birgə mətbuat məlumatında qeyd edilir.

Məlumata görə, Aİ Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora və Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilən iclasda tərəflər açıq və səmimi fikir mübadiləsi aparıblar.

“İştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında dialoqun ikitərəfli xarakterini vurğulayıb. Aİ regionda yaşayan bütün xalqların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyini vurğulayıb”, birgə məlumatda bildirilir.

Bundan əlavə, iclasda Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyətinin qeyd olunduğu, Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardımla bağlı göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi qeyd edilir.

Aİ Avropa Komandası Təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanın minalarla mübarizə proqramına gələcək yardımların davam etdiriləcəyini bildirib.

Azərbaycan isə Avropa Sülh Fondu çərçivəsində Aİ ilə mümkün əməkdaşlığın araşdırılmasında maraqlı olduğunu bir daha bəyan edib.

Görüşün yekununda Aİ və Azərbaycanın xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə müntəzəm mübadilələri davam etdirmək barədə razılığa gəldiyi, Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi çərçivəsində ikitərəfli əməkdaşlığın bütün müvafiq istiqamətləri üzrə mənalı işin vacibliyini vurğuladığı qeyd edilib.

Forum

XS
SM
MD
LG