Qaz tədarükü məsələsində Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır.
Bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero deyib.
Onun sözlərinə görə, Hazırda Azərbaycandan Avropaya nəql edilən qazın illik 20 mlrd. kubmetrdək artırılması istiqamətində işlər davam etdirilir.
“Biz Azərbaycan və Əlcəzairdən borular vasitəsilə qaz idxalını artırmışıq. Yeni qaz resursları əldə etmək üçün növbəti addımlar atmalı və daxili infrastrukturu genişləndirməliyik. Beləliklə, Rusiya qazından asılılığımızı aradan qaldırmağı hədəfləyirik “o bildirib.
Kristina Lobillo Borrero Azərbaycanla enerji keçidi məsələsində də yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.
Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, bu il keçirilən enerji həftəsi əvvəlki forumlardan neft mövzusunun artıq keçmişdə qalması ilə fərqlənir.
“Bu il keçirilən enerji həftəsində demək olar ki, neft mövzusu yoxdur. Bu il ancaq qaz və yaşıl enerji diqqət mərkəzindədir”, o qeyd edib.
Ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarında 11,8 milyard kub metr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişlənidirildikdən sonra həcmlərin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır.
Forum