Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb.
SOCAR-ın yaydığı məlumatda deyilir ki, imzalanan müqavilələr iki ölkə hökumətləri arasında bu ilin mayın 14-də imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Mərasimdə, həmçinin Azərbaycan Qaz Təchizatı Şirkəti və BOTAŞ arasında "Şahdəniz" yatağından qazın Türkiyəyə təchizatının davam etdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın qazına tələbatı artırıb.
Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, 2024-cü ildə Azərbaycan 24 milyard kubmetr qaz ixrac edəcək.
"Bunun 12 milyard kubmetri Avropa ölkələrinə nəql olunacaq", o qeyd edib.
Azərbaycan 2023-cü ildə Avropa ölkələrinə 11,8 milyard kubmetr qaz ixrac edib.
Türkmənistan qazının Türkiyəyə çatdırılmasına gəlincə, Azərbaycan İran vasitəsi ilə 2021-ci ilin dekabrından başlayaraq Türmənistandan qaz alır.
"2023-cü ildə Azərbaycan Türkmənistandan 1,56 milyard kubmetr təbii qaz alıb. Bu qaz Azərbaycanın infrastruktutru vasitəsi ilə Türkiyəyə çatdırılıb", o qeyd edib.
Forum