Accessibility links

Bakı Enerji Həftəsi açılıb


Bakı Enerji Həftəsi açılıb (Mənbə: Sosial şəbəkə)
Bakı Enerji Həftəsi açılıb (Mənbə: Sosial şəbəkə)

İyunun 4-də Bakı Enerji Həftəsi açılıb. İyunun 6-dək davam edəcək Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu kimi üç ayrı layihəni ehtiva edir.

Forumda 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət iştirak edir.

İyunun 4-də həftə çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyub.

İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)
İlham Əliyev (Mənbə: Prezident Administrasiyası)

Prezident İlham Əliyev enerji həftəsinin açılış mərasimində bildirib ki, ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac edib.

“Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Gələn il, o, daha da çox olacaq”.

Prezident deyib ki, Cənub Qaz Dəhlizi, artıq üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir.

“Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var”.

Azərbaycan Prezidenti Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın hökumətlərinə təşəkkürünü bildirib.

“Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik".

Prezident Əliyev həmçinin Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürümü bildirib.

“Ümid edirəm ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsinə, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də maliyyə dəstəyi verəcəklər”, o qeyd edib.

Bundan əlavə, o, Avropa İttifaqı ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Əliyev bildirib ki, Azərbaycan həm də elektrik enerjisi ixrac edən ölkədir.

“Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır”.

Onun bildirdiyinə görə Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat elektrik enerjisi təşkil edir.

Təbirdə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian Birləşmiş Ştatlar Prezidenti Co Baydenin Bakı Enerji Həftəsinin iştirakçılarına ünvanlandığı məktubu oxuyub.

Prezident Bayden məktubda Azərbaycanın qlobal enerji təhlükəsizliyində əsas dayaqlarından biri olaraq qaldığını qeyd edib və ABŞ-ın COP-29 iqlim sammitinə ev sahibliyi etmək üçün Azərbaycana güclü dəstiyini və təmiz enerjiyə sadiqliyini vurğulayıb.

Açılış mərasimində ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman bildirib ki, ABŞ-la Azərbaycan uzun müddətdir yaxın tərəfdaşdır.

“Cənubi Qafqazda müstəqillik və demokratiyanı Amerika Birləşmiş Ştatlarından çox heç kim dəstəkləmir. Azərbaycan regionda enerji təhlükəsizliyinin irəliləməsində güclü tərəfdaş olmuşdur. Amerika Birləşmiş Ştatları həm də bizim mühüm iqlim məqsədlərinə dəstək olan etibarlı enerji mənbələrinin yaradılması strategiyaları üzərində Azərbaycanla işləməyə davam etmək əzmindədir”, o qeyd edib.

Bakı Enerji Həftəsi (Mənbə: Prezident Administrasiyası)
Bakı Enerji Həftəsi (Mənbə: Prezident Administrasiyası)

Laura Loxman daha sonra ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunu diqqətə çatdırıb.

“Regional sabitlik və qarşılıqlı əlaqələr ABŞ üçün prioritetdir. Onilliklər boyu davam edən münaqişəyə son qoyan davamlı və layiqli sülh sazişi Cənubi Qafqazı dəyişdirəcək və Azərbaycanın regiondakı rolunu əsaslı şəkildə dəyişəcək. ABŞ bu nəcib səyləri dəstəkləməyə hazırdır. Biz bunu gələcək nəsillər üçün, sülh və tərəqqinin rəhbər prinsiplərimiz olaraq qalması üçün etməliyik. Möhkəm ikitərəfli əlaqələrimizi bərpa etmək imkanını alqışlayıram və qarşıdakı aylarda əməkdaşlığımıza ümid edirəm. Bakı Enerji Həftəsinin uğurlu keçməsi üçün ən xoş arzularımı göndərirəm”, Prezident Baydenin məktubunda deyilir.

Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero bildirib ki, Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycanın oynadığı rol bizim Avropa İttifaqında qaz təchizatının şaxələndirilməsi səylərimiz baxımından mühüm əhəmiyyət daşıyır. Bu, enerji qiymətlərinin sabitliyi, həmçinin təchizat təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir və biz bunu yüksək qiymətləndiririk. Bizim Azərbaycanla enerji sahəsində münasibətlərimiz uzunmüddətli müsbət enerji dialoqu üzərində qurulub”, o qeyd edib.

Kristina Borreronun dediyinə görə, Avropa İttifaqı Azərbaycanla enerji sahəsində uzunmüddətli tərəfdaşlığını həm strateji enerji davamlılığı, həm də yaşıl enerji ambisiyalarımıza mühüm töhfə kimi görür.

İlham Shaban
İlham Shaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, bu il keçirilən enerji həftəsi əvvəlki forumlardan neft mövzusunun artıq keçmişdə qalması ilə fərqlənir.

“Bu il keçirilən enerji həftəsində demək olar ki, neft mövzusu yoxdur. Bu il ancaq qaz və yaşıl enerji diqqət mərkəzindədir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG