Accessibility links

Azərbaycan son üç ayda Avropaya 3,2 milyard kubmetr qaz ixrac edib


Azərbaycanın Energetika Nazirliyinin yaydığı məlumata əsasən 2024-cü ilin 1-ci rübündə, yanvar-mart ayları ərzində Azərbaycanda 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 3,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 6,9 milyard kubmetri “Şahdəniz”, 0,4 milyard kubmetri “Abşeron”, 2 milyard kubmetri SOCAR üzrə hasil olunub.

Məlumatda deyilir ki, ötən ilin müvafiq dövrünə nisbətən 0,4 milyard kubmetr artımla qaz hasil edilib.

“3 ay ərzində xaricə qaz satışı 6,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən eynidir. Avropaya 3,2 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,3 milyard kubmetr qaz nəql olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 aprel 2024-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 219,6 milyard kubmetr, “Şahdəniz”dən isə 216 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 153,4 milyard kubmetri ixraca nəql edilib”, Energetika Nazirliyi bildirir.

Nazirliyin məlumatına görə, 2024-cü ilin yanvar-mart ayları üzrə ölkədə 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib.

Son 3 ayda 6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bunun 5,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu isə SOCAR-ın payına düşüb.

Neft emalı 2024-cü ilin yanvar-mart aylarında 1,6 milyon tona yaxın təşkil edib.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir.

“Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG