Accessibility links

ABŞ Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Bakıya gəlib


Kimberli Harrinqton
Kimberli Harrinqton

ABŞ Enerji Resursları Bürosu katibinin köməkçisinin müavini Kimberli Harrinqton Bakıda səfərdədir. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Harrinqton hökumət rəsmiləri ilə görüşlər keçirəcək, habelə ABŞ-ı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu Nazirlər Toplantısında təmsil edəcək, COP 29-a ev sahibliyi edən Azərbaycanın vacib rolu barədə müzakirələr aparacaq.

Xatırladaq ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.

Rəsmi məlumatlara görə, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılacaq.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edəcək.

Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçiriləcək.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.

Forum

XS
SM
MD
LG