Accessibility links

bp şirkəti Azərbaycanda neft və qaz hasilatında fəaliyyəti barədə hesabat təqdim edib


2023-cü ilin birinci yarısında Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etdirilib.

bp şirkətinin (British Petroleum) 2023-cü ilin birinci yarısının yekunları barədə hesabatında deyilir ki, ilin ilk altı ayında Şahdəniz yatağından ümumilikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilib.

bp bildirir ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72,6 milyon (ildə təqribən 26,5 milyard) standart kubmetrdir.

Məlumatda deyilir ki, Şahdəniz 2 layihəsi çərçivəsində də işlər davam etdirilir.

“Ümumilikdə Şahdəniz 2 layihəsi çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir”, hesabatda qeyd edilir.

bp bildirir ki, 2023-cü ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 208 milyon dollar əməliyyat xərcləri və təxminən 408 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

Neft platforması (Mənbə: bp şirkəti)
Neft platforması (Mənbə: bp şirkəti)

Hesabata görə, 2023-cü ilin birinci yarısında Azəri-Çıraq-Günəşli yatağından (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etdirilib.

“İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (98 000), Qərbi Azəri (91 000), Şərqi Azəri (61 000), Dərinsulu Günəşli (67 000) və Qərbi Çıraq (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 000 barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub. İlin birinci yarısında AÇG-də 3 neft hasilatı və 4 su injektor quyusu tamamlanmışdır.

2023-cü ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə isə 1,1 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur”, sənəddə qeyd edilir.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)

BP və Azərbaycan Neft Şirkəti 6 milyardlıq layihə imzalayıb
BP və Azərbaycan Neft Şirkəti 6 milyardlıq layihə imzalayıb

bp-nin hesabatına görə, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ilin ilk altı ayı ərzində ixrac üçün gündəlik orta ötürücülük gücü 60,7 milyon kubmetr olub.

“İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 39 milyon dollar, əsaslı xərclər isə 3 milyon dollardan çox olub”.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%) və NİKO (10,0%).

Şirkət bildirir, bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2349 nəfərdir və buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faizi yerli vətəndaşlardan ibarətdir.

“bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, hesabatda qeyd edilir.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, bp-nin Azərbaycandakı əməliyyatlarına nəzər yetirdikdə görünür ki, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarında neft hasilatında azalma tempini cari ilin ilk yarısında dayandırmaq mümkün olmayıb.

“6 ayda neft hasilatı təqribən 12 faiz və ya 9 milyon barel azalıb. Bu isə o deməkdir ki, 2023-cü ilin yekununda AÇG üzrə hasilat 17,5 milyon tona belə çatmaya bilər.

“Şahdəniz”də qaz və kondensat hasilatında isə ötən ilin müvagiq dövrü ilə müqayisədə artım qeydə alınmayıb. İkinci rübdə birinci rüblə müqayisədə qaz hasilatı 1 milyard kub metr azalıb. Amma cari ilin birinci yarısında hasilat ötən ilki səviyyədə qalsa da, hasilata çəkilən xərcləmələr 11,8 faiz rtaraq $1 milyard 616 milyon dollar təşkil edib. Bu isə o deməkdir ki, ixrac qazının qiymətlərinin ötən illə müqayisədə hiss ediləcək səviyyədə azalması və yatağın işlənmə xərclərinin artımı ilin yekununda Azərbaycanın qaz gəlirlərinin ötən illə müqayisədə xeyli azalmasına gətirib çıxaracaq”, təhlilçi qeyd edib.

bp şirkəti 1992-ci ildə Bakıda ilk ofisiini açıb. Şirkət artıq 31 ildir Azərbaycanda işləyir. Xəzər regionunda əsas fəaliyyəti Azərbaycandadır və bu ölkənin enerji tərəfdaşıdır. bp hazırda Azərbaycanda dünyanın ən böyük neft yataqlarından biri olan Azəri-Çıraq-Günəşli yatağının və eyni dərəcədə böyük qaz yatağı hesab edilən Şahdəniz yatağının operatorudur.

Şirkət həmçinin regionda dünya səviyyəli obyektlərə və infrastruktura malikdir. Belə ki, hər iki yataq böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində yerləşən dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300 kilometr uzunluğa malik üç ixrac boru kəməri və eləcə də qazı Türkiyəyə və daha sonra Avropaya nəql etmək üçün Şahdəniz Mərhələ 2 çərçivəsində inşa edilmiş yeni qaz ixrac sistemi daxildir.

Forum

XS
SM
MD
LG