Accessibility links

Natiq Cəfərli: Büdcənin neft-qaz gəlirlərindən asılılığı yüksəkdir


 Natiq Cəfərli-iqtisadçı- ekspert
Natiq Cəfərli-iqtisadçı- ekspert

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində 2023-cü il dövlət büdcəsi barədə danışıb. Onun sözlərinə görə, bu ilin dövlət büdcəsi sosial yönümlü hesab edilsə də, əhali tərəfindən onun sosial yönümlü hiss edilməsində ciddi problemlər mövcuddur.

Amerikanın Səsi: 2023-cü il dövlət büdcəsini əvvəlki ilin maliyyə qanunlarından fərqləndirən cəhətlər hansılardır?

Natiq Cəfərli: Əslində, gəlirlər və xərclər nisbətində, faiz nisbətində müəyyən dəyişikliklər var. Əvvəllər Neft Fondundan götürülən vəsait büdcənin bir çox hallarda 50 faiz və daha yuxarısını təşkil edirdisə, indi bu rəqəm faiz nisbətində bir xeyli azalıb. Neft Fondundan götürülmüş və transfer olunacaq vəsait ümumi büdcənin təqribən 40-42 faiz civarinda olacaq. Müəyyən azalmalar müşahidə olunur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, qeyri-neft sektorundan vergilər şəkilndə büdcəyə daxilolmalarda müəyyən artım müşahidə olunur. Bunun da səbəbi həm iqtisadiyyatın daha çox ağardırılmasından irəli gəlir. Daha çox ağ iqtisadiyyata keçidlə əlaqəlidir. Yəni, iş yerləri ilə bağlı, əmək müqavilələri ilə bağlı, nağdsız ödənişlərin artması ilə bağlıdır. Bütün bunlar büdcəyə daxilolmaların digər istiqamətlər üzrə artımına səbəb olub.

Natiq Cəfərli: Büdcə xərcləmələri Azərbaycan iqtisadiyyatının əsas aparıcı qüvvəsidir. Bu o qədər də yaxşı göstərici deyil.
please wait

No media source currently available

0:00 0:07:24 0:00

Amerikanın Səsi: Dövlət büdcəsinın formalaşmasında neft-qaz sahələrinin çəkisini necə dəyərləndirərdiniz? Ölkə iqtisadiyyatının daha geniş şaxələndirilməsi sahəsində hansı tədbirlər görülməlidir?

Natiq Cəfərli: Azərbaycan neft-qaz ölkəsidir. Bu neft-qazdan asılılıq uzun müddət qalacaq. Təəssüf ki, bu belədir. Çünki vaxtında struktur islahatları aparılmadığına görə neft pulları gələrkən bir arxayınlıq yarandı Azərbaycan hökümətində və böyük struktur dəyişikliyinə gedilmədi. Bu aslılıq 2000-ci illərin əvvələrindən daha da artan templə gedirdi. Amma rəqəmsal olaraq, faiz nisbətində dediyim kimi, son iki ildə müəyyən müsbət dinamika müşahidə olunur. Neft-qaz daxilolmalarında müəyyən qeyri-neft sektorunun xüsusi çəkisinin artmasını biz görürük. Amma ümumilikdə götürəndə neft-qaz sahəsindən dövlət büdcəsinin aslılığı kifayət qədər böyükdür. Bu, tək birbaşa asılılıq deyil. Dolayı asılılıq da var. Azərbaycan höküməti bununla bağlı çox az danışır. Bu nə deməkdir? Çünki bir çox hallarda Azərbaycan hökuməti daha çox Neft Fondundan transferləri və neft-qaz şirkətlərindən daxil olan vergi göstəricilərini neft sektoruna aid edir. Doğru yanaşmadır. Amma dolayı asılılıqlar da var. Çünki həmin vəsait yenidən iqtisadiyyata qayıdır büdcə xərcələmələri vasitəsilə, maaşlar vasitəsilə, investisiya layihələri vasitəsilə. Orada yaranan əlavə dəyər və vergi öhdəlikləri də var. Onlar da büdcəyə yenidən daxil olur. Məsələn, büdcədən maaş alanların gəlir vergisi var. Onların da 14 faizi büdcəyə geri qayıdır. Yəni bu da dolayı aslılıqdır. Biz bunları üst-üstə gəlsək təəssüf ki, neft-qaz gəlirlərindən ölkə büdcəsinin aslılığı kifayət qədər yüksək səviyyədə qalmaqda davam edir.

Amerikanın Səsi: 2023-cü il dövlət büdcəsinin xərclər strukturunu iqtisadi effektivlik baxımından necə qiymətləndirərdiniz?

Natiq Cəfərli: Azərbaycanda 2000-ci illərin əvvəllərindən qurulmuş model bundan ibarətdir ki, bütün iqtisadi aktivlik, iqtisadiyyatın drayveri büdcə xərcləmələri üzərindədir. Yəni büdcədən vəsaitlər ayrılır, bu vəsaitlər daha çox infrastruktur layihələrinə yönəlir. Bu infrastruktur layihələrinə yönələrkən, bu iqtisadi aktivlik yaradır. Müvəqqəti iş yerləri yaradır, iqtisadi canlanmaya səbəb olur. Bu struktur olaraq iqtisadiyyatın əsas drayveri hələ də büdcə xərcləmələridir. Azərbaycanda büdcə xərcləmələri artdıqca, iqtisadi aktivlik də artır. Büdcə xərcləmələri azaldıqca bütün bunlar iqtisadiyyata mənfi təsir göstərir və həmən Azərbaycan iqtisadiyyatında ümumdaxili məhsulda (ÜDM) azalmalar müşahidə olunur. Büdcə xərcləmələri Azərbaycan iqtisadiyyatının əsas aparıcı qüvvəsidir. Bu o qədər də yaxşı göstərici deyil.

Amerikanın Səsi: Bu ilin dövlət büdcəsini sosial yönümlü hesab etmək olarmı?

Natiq Cəfərli: Faiz nisbətində bəli. Yəni büdcənin 40 faizə yaxını sosial yönümlüdür. Yəni səhiyyəyə, təhsilə, maaşlara, təqaüdlərə ayrılan vəsaitdir. Klassik anlamda bu sosial yönümlü xərclər dövlət büdcəsinin az qala 45 faizini təşkil edir. Bu da beynəlxalq standartlara görə çox yaxşı göstəricidir. Avropa ölkələrinin bir çoxunda da büdcə xərcləmələri 40 faiz civarındadır. Sadəcə, bizdə problem ondan ibarətdir ki, bu xərclərin ünvana əlçatımlılığı problem yaradır. Ayrılan vəsaitin böyük hissəsində bürokratik əngəllər və öz hədəfinə çatmaqda maneələr olduğundan insanların doğrudan da sosial vəziyyətini yaxşılaşdırılmasına xərclənə bilmir. Yolda itir. Büdcədən insana çatan nöqtəyə qədər gedən yolda bu vəsaitlərin bir hissəsi buxarlanır. Əsas problem məhz buradadır. Bunun iki səbəbi var. Əsas böyük anlamda baxsaq. Birincisi, təbii ki, Azərbaycanın ənənəvi bəlalarıdır. Məmurların özbaşınalığı, korrupsiya halları, rüşvət halları. Bütün bunlar Azərbaycanın xroniki xəstəlikləridir. Bir də qanunvericilikdən doğan problemlər var. Tez-tez oyun qaydaları dəyişdirilir. Məsələn, təqaüdlə bağlı qaydalar tez-tez dəyişdirilir. Bu onu göstərir ki, idarəçilikdə, qanunvericilikdə boşluqlar var. Bu da insanların məmur baryerlərini aşaraq əlçatan sosial yardım alma məsələsində kifayət qədər problemlər yaradır. Elə yeri gəlmişkən sosial yardımların ayrılmasının özündə də ciddi qanunvericilik problemləri var.

Xatırlatma

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Azərbaycanın 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş xərcləri 32 milyard 583 milyon 992 min manat, yerli xərcləri 769 milyon 286 min manat) məbləğində olacaq.

XS
SM
MD
LG