Accessibility links

Fransa şirkəti Azərbaycanın “Abşeron” yatağından qaz hasilatına başlayıb


Total şirkəti (Arxiv foto. Mənbə: VOA)
Total şirkəti (Arxiv foto. Mənbə: VOA)

Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.

TotalEnergies” şirkətinin iyulun 10-da yaydığı məlumatda deyilir ki, “TotalEnergies” və onun tərəfdaşı SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Xəzər dənizində, Bakı şəhərindən təxminən 100 kilometr cənub-şərqdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsində qaz hasilatına başlayıb.

“Birinci mərhələdə sualtı hasilat quyusu SOCAR-ın Neft Daşlarındakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirilib. Gündə 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasilat gücünə malikdir. Qaz Azərbaycanın daxili bazarında satılacaq. “Abşeron” yatağının işlənməsi “TotalEnergies”in strategiyasına uyğun olaraq, rəqabət qabiliyyətli texniki xərc və aşağı istixana qazı emissiyaları intensivliyi ilə artan tələbatı ödəmək üçün əlavə qaz təchizatını təmin edir”, məlumatda qeyd edilir.

Abşeron qaz yatağı
Abşeron qaz yatağı

SOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə “TotalEnergies” və SOCAR-ın hər biri 50 faiz paya malikdir.

"Biz kəşfiyyat qrupumuzun uğurunun nəticəsi olan "Abşeron" qaz yatağının işə salınmasını elan etməkdən çox məmnunuq. Bu layihə şirkətin artan qaz tələbatını ödəmək strategiyasına uyğundur və milli şirkət SOCAR ilə tərəfdaşlığımızı gücləndirir", “TotalEnergies”in kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz bildirib.

“TotalEnergies” Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir, burada o, “Abşeron” qaz-kondensat yatağında SOCAR-ın 50 faiz tərəfdaşıdır və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 5 faiz paya malikdir.

"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməyib və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq 2009-cu ildə “TotalEnergies” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında Fransanın “TotalEnergies” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.

“TotalEnergies” enerji istehsal edən və bazara çıxaran qlobal enerji şirkətdir. Bu şirkət dünyanın 130-a yaxın ölkəsində fəaliyyət göstərir, 100.000-dən çox əməkdaşı var.

İlham Şaban
İlham Şaban

Neft Apaşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, nəhayət uzun müddətdən sonra “Abşeron” yatağından qazın hasilatı mühüm hadisədir.

“Hasil edilən qaz müqavilədə göstərildiyi kimi ildə 1,5 milyard kubmetr olmaqla Azərbaycanın daxili bazarına yönəldiləcək. Bu Azərbaycana “Şahdəniz” qaz yatağından özünün daxili istifadəsi üçün aldığı həcmləri azaltmaq imkanı yaradır. Bu, həm də “Şahdəniz” qaz yatağından daxili bazar üçün alınan qaz həcminin xarici bazarlara yönəldilməsi deməkdir. Bununla demək olar ki, Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsi ilə yeni qaz həcmlərini mərhələli şəkildə Avropa bazarında yeni istehlakçılara çatdırması mif yox, reallıqdır. Bu həm də maksimum 2025-ci ilədək “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarındakı təbii qazın xarici bazarlara çatdırılmasının real olduğunun göstəricisidir. Bu da ildə əlavə iki milyard kubmetr qaz deməkdir. Bununla Azərbaycan yeni qaz həcmləri əldə etdikcə onun xarici bazarlara çıxarılması imkanları da əldə edəcək”, ekspert qeyd edib.

İlham Şabavn: İndiki anda “Abşeron” yatağından qaz hasilatı mühüm hadisədir
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Azərbaycan ötən il Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarında 11,4 milyard kubmetr qaz satıb.

Şabanın sözlərinə görə, bu il bu həcmin yarım milyard kubmetr artımı proqnozlaşdırilır.

“Amma bu il Azərbaycan qazının satış həcmi Türkiyə bazarında daha sürtətlə artacaq. Çünki Cənub Qaz Dəhlizinin daşıma imkanları artıq maksimum həcmə çatıb. Bu dəhlizin genişləndirilməsi başa çatmayınca Azərbaycanın Avropa bazarında artıq qaz satmaq imkanları faktiki yoxdur”.

Ekspert deyib ki, ötən il Azərbaycan Türkiyə bazarında 8,5 milyard kubmetr qaz satıbsa, bu il bu həcmin 10 milyard kubmetrə qədər artırılması düşünülür.

XS
SM
MD
LG