Accessibility links

Azərbaycan və ABŞ bərpa olunan enerji sahəsində əməkdaşlığı müzakirə edib


Cavid Abdullayev və Kortni Brasieyer (Mənbə: ABŞ səfirliyi)
Cavid Abdullayev və Kortni Brasieyer (Mənbə: ABŞ səfirliyi)

Azərbaycan və ABŞ bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) məlumatına görə, sentyabrın 11-də bu qurumun direktoru Cavid Abdullayev və ABŞ-nin Azərbaycandakı səfirliyinin ikinci katibi Kortni Brasieyer görüşüb.

Görüşdə ABŞ ilə gələcək əməkdaşlığın perspektivləri və birgə reallaşdırılması mümkün olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Məlumatda deyilir ki, AREA-nın direktoru Cavid Abdullayev bərpa olunan enerji sahəsində Azərbaycanda aparılan islahatlar, görülmüş çoxşaxəli işlər, bununla bağlı yaradılmış əlverişli investisiya mühiti barədə məlumat verib.

Görüş zamanı AREA-nın direktor müavini Aygün Zeynalova bərpa olunan enerjinin ixracı məqsədilə atılmış addımlar, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” çərçivəsində görülmüş işlərə dair mövcud vəziyyət və gələcək inkişaf planlarını diqqətə çatdırıb.

Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Bu məqsədlə Bərpa Olunan Enerji Mənbələri (BOEM) hesabına ümumilikdə təxminən 1500 MVt yeni generasiya güclərinin yaradılması nəzərdə tutulub.

2022-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 28,9 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı Su Elelktrik Sransiyalarında 1595.7 mln. kVt·st, digər mənbələr üzrə isə 349,5 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 60,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 205,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 faizini təşkil edib.

Bununla yanaşı Azərbaycan dünyanın bir sıra tanınmış şirkətləri ilə bərpa olunan enerji istehsalı və tranziti ilə bağlı çoxsaylı sazişlər imzalayıb.

Bu il iyunun 1-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazovla Azərbaycanın ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla "yaşıl enerji" layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparıb.

Görüşdə Xəzərdən “yaşıl enerji” istehsalını və bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz və Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Forum

XS
SM
MD
LG