Mayın 2-də Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı yüksək səviyyəli enerji dialoqunun növbəti görüşü olacaq.
Azərbaycan Enegetika Nazirliynin məlumatında deyilir ki, görüş çərçivəsində Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bərpa olunan enerji, enerji səmərəliliyi sahələri üzrə əməkdaşlıq məsələləri, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun icra vəziyyətinə dair müzakirələrin aparılması nəzərdə tutulur.
Müzakirələrdə Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simsonun dəvəti ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov iştirak edəcək.
2022-ci il iyulun 18-də Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum Azərbaycandan Avropaya qaz ixracının artırılmasını nəzərdə tutur.
Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqı ölkələrinin enerji təchizatında ciddi çətinliklər yaradıb. Bu səbəbdən hazırda Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin enerji mənbələrinin işlənməsini və ixracını reallaşdırmaq üçün işlər aparır.
Bu baxımdan 2022-ci il iyulun 18-də Bakı şəhərində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Prezident İlham Əliyev bu il fevralın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclasında deyib ki, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin, xüsusən TANAP qaz kəmərinin (16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər) və TAP qaz kəmərinin (10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər) gücünün artırılması imkanları nəzərdən keçirilir.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan qaz ixracını ildən-ilə artırır.
"2021-ci ildə ixracatımız 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təşkil edib, 2023-cü ildə 24,5 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır", o qeyd edib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Twitter səhifəsində yazıb ki, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın qaz ixracı 11,2 faiz artıb. Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac olunub.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.