Accessibility links

SOCAR və TotalEnergies Abşeron qaz yatağındakı payının 30 faizini Abu Dabi Milli Neft Şirkətinə satıb


SOCAR və TotalEnergies Abşeron qaz yatağındakı payının 30 faizini Abu Dabi Milli Neft Şirkətinə satıb (Mənbə: SOCAR)
SOCAR və TotalEnergies Abşeron qaz yatağındakı payının 30 faizini Abu Dabi Milli Neft Şirkətinə satıb (Mənbə: SOCAR)

Avqustun 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Fransanın “TotalEnergies” şirkəti və Abu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında “Abşeron” qaz-kondensat yatağında 30 faizlik iştirak payının satışına dair Saziş imzalanıb.

İmzalanma mərasimində Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terraz, ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi iştirak edib.

SOCAR-ın məlumatında deyilir ki, satınalma tamamlandıqdan sonra ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 faizlik iştirak payı əldə edəcək, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 faiz təşkil edəcək.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, saziş Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əlaqələri daha da gücləndirəcək və ölkəsinin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfəsini verəcək.

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.

Satınalma ilə yanaşı, SOCAR və ADNOC arasında Anlaşma Memorandumu da imzalanıb. İmzalanmış sənəd SOCAR-ın Abu Dabidə həyata keçirilən apstrim (sənayenin rəqəmsallaşması) layihələrində iştirakını və bu istiqamətdə ADNOC tərəfindən müvafiq dəstəyin göstərilməsini nəzərdə tutur. Memorandum çərçivəsində tərəflər, eyni zamanda, bərpa olunan enerji və aşağı karbon həlləri sahəsində, habelə hər iki şirkət tərəfindən razılaşdırılmış üçüncü ölkələrdə neft-qaz sahəsində investisiya imkanları ilə bağlı potensial əməkdaşlıq istiqamətlərini araşdıracaq.

Neft Apaşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, Abşeron layihəsi çərçivəsində bir ildə maksimum 1,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır.

“Bu qaz bütünlükdə Azərbaycananın daxili tələbatının ödənilməsinə yönəldiləcək. “Abşeron” yatağının ikinci mərhələsində çıxarılacaq qaz isə xarici bazarlarda satılmaq üçün nəzərdə tutulub. Yaxın beş il ərzində onun gerçəkləşməsi nəzərdə tutulub".

Onun dediyinə görə, “Abşeron” yatağının ikinci mərhələsində nə qədər qaz hasil olunacağlı ilə bağlı SOCAR və onun tərəfdaşı hazırda danışıqlar aparır.

“Abşeron” yatağında çıxarıla biləcək 350 milyard kubmetr qaz ehtiyatı var. Bunun cəmi 45 milyard kubmetri Azərbaycanın daxili bazarında satılmaq üçün nəzərdə tutulub. Yerdə qalan həcm ixraca yönəldilməlidir. Hansı müddətdə və necə? Bunun üçün “Şahdəniz” yatağının birinci mərhələsində olan platforma kimi, gücü 8 milyard kubmetr qazın hasil edilməsinə yönəlmiş bir plaforma qurula bilər. Mənə elə gəlir ki, “Abşeron” yatğından ikinci mərhələdə qazın çıxarılması üçün bu ilin sonuna qədər texniki-iqtisadi əsaslandırma işlənib hazırlanacaq və tətbiq üçün Azərbaycan hökumətinə təqdim olunacaq”.

Neft Araşdıma Mərkəzinin rəhbəri deyib ki, “Abşeron” yatağı çox mürəkkəb quruluşa malik qaz-kondensat yatağıdır.

“Abşeron” yatağı indiyədək Xəzər dənizində açılmış və istismar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdəniz” yatağı dənizin 550 metr dərinliyində yerləşirsə, “Abşeron” 600 metr dərinlikdədir. O cümlədən məhsuldar qaz layları əgər “Şahdəniz”də 6800-7100 metr dərinlikdədirsə, “Abşeron” yatağında bu 7300 metr dərinliyə qədər uzanır. Ona görə, mürəkkəblik baxımından Xəzər dənizində indiyənədək hasilat gözlənilən ən mürəkkəb yataqdır”, ekspert deyib.

“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

“Abşeron” yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməyib və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq 2009-cu ildə “TotalEnergies” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə ikinci kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında Fransa “Abşeron” yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.

Forum

XS
SM
MD
LG