Accessibility links

SOCAR VƏ “TotalEnergies” şirkəti “Abşeron” qaz yatağının işlənməsi üzrə müzakirə aparıb


SOCAR prezidenti Rövşən Nəcəf və “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou (Mənbə:SOCAR)
SOCAR prezidenti Rövşən Nəcəf və “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou (Mənbə:SOCAR)

İyulun 20-də Azərbaycanın “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə layihənin icrası ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatında deyilir ki, müzakirələr Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Jan-Lük Gizionun görüşü zamanı olub.

Abşeron yatağı
Abşeron yatağı

“Görüşdə iyulun 11-də cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqları rəhbər tutaraq, layihənin icrası ilə bağlı görüləcək işlər müzakirə edilib”, məlumatda qeyd edilir.

SOCAR bildirir ki, görüş çərçivəsində “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə cari ilin iyul ayının əvvəlində hasilata başlanılmasından məmnunluq ifadə olunub, layihənin cari vəziyyəti və ölkənin hasilat potensialının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsi iki mərhələdə həyata keçirilir. İlkin Hasilat Sxemi layihəsi çərçivəsində hazırda gündəlik 4,3 milyon kub metr qaz və 1400 ton kondensat hasil olunur.

İlham Şaban (Arxiv foto. Mənbə: VOA)
İlham Şaban (Arxiv foto. Mənbə: VOA)

Neft Apaşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, iyulun 10-da Azərbaycanın ikinci böyük qaz yatağı olan “Abşeron” yatağından ilk qazın çıxarılmasına başlanıb.

“Bu layihə çərçivəsində bir ildə maksimum 1,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. Bu qaz bütünlükdə Azərbaycananın daxili tələbatının ödənilməsinə yönəldiləcək. “Abşeron” yatağının ikinci mərhələsində çıxarılacaq qaz isə xarici bazarlarda satılmaq üçün nəzərdə tutulub. Yaxın beş il ərzində onun gerçəkləşməsi nəzərdə tutulub".

Onun dediyinə görə, “Abşeron” yatağının ikinci mərhələsində nə qədər qaz hasil olunacağlı ilə bağlı SOCAR və onun tərəfdaşı hazırda danışıqlar aparır.

“Abşeron” yatağında çıxarıla biləcək 350 milyard kubmetr qaz ehtiyatı var. Bunun cəmi 45 milyard kubmetri Azərbaycanın daxili bazarında satılmaq üçün nəzərdə tutulub. Yerdə qalan həcm ixraca yönəldilməlidir. Hansı müddətdə və necə? Bunun üçün “Şahdəniz” yatağının birinci mərhələsində olan platforma kimi, gücü 8 milyard kubmetr qazın hasil edilməsinə yönəlmiş bir plaforma qurula bilər. Mənə elə gəlir ki, “Abşeron” yatğından ikinci mərhələdə qazın çıxarılması üçün bu ilin sonuna qədər texniki-iqtisadi əsaslandırma işlənib hazırlanacaq və tətbiq üçün Azərbaycan hökumətinə təqdim olunacaq”.

Neft Araşdıma Mərkəzinin rəhbəri deyib ki, “Abşeron” yatağı çox mürəkkəb quruluşa malik qaz-kondensat yatağıdır.

“Abşeron” yatağı indiyədək Xəzər dənizində açılmış və istismar edilən ən dərin hissədə yerləşir. Əgər “Şahdəniz” yatağı dənizin 550 metr dərinliyində yerləşirsə, “Abşeron” 600 metr dərinlikdədir. O cümlədən məhsuldar qaz layları əgər “Şahdəniz”də 6800-7100 metr dərinlikdədirsə, “Abşeron” yatağında bu 7300 metr dərinliyə qədər uzanır. Ona görə, mürəkkəblik baxımından Xəzər dənizində indiyənədək hasilat gözlənilən ən mürəkkəb yataqdır”, ekspert deyib.

Total şirkəti (Arxiv foto. Mənbə: VOA)
Total şirkəti (Arxiv foto. Mənbə: VOA)

“TotalEnergies” Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir, burada o, “Abşeron” qaz-kondensat yatağında SOCAR-ın 50 faiz tərəfdaşıdır və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 5 faiz paya malikdir.

"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.

"Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməyib və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq 2009-cu ildə “TotalEnergies” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında Fransanın “TotalEnergies” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.

“TotalEnergies” enerji istehsal edən və bazara çıxaran qlobal enerji şirkətdir. Bu şirkət dünyanın 130-a yaxın ölkəsində fəaliyyət göstərir, 100.000-dən çox əməkdaşı var.

XS
SM
MD
LG