Accessibility links

İlham Əliyev Almaniya Xarici İşlər Nazirliyinin dövlət nazirini qəbul edib


Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner (rəsmi foto)
Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindner (rəsmi foto)

Prezident İlham Əliyev iyulun 11-də Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət naziri Tobias Lindneri qəbul edib.

Prezident Administrasiyasının məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin inkişaf dinamikasının artdığı qeyd edilib

Məlumatda deyilir ki, Prezident İlham Əliyevin bu ilin mart ayında Almaniyaya səfərindən sonra ölkələr arasında əlaqələrdə yeni səhifənin açıldığı məmnunluqla vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülhün əldə edilməsi istiqamətində ölkəmiz tərəfindən göstərilən səylərdən danışılıb.

Eyni zamanda enerji sahəsində əməkdaşlıq və bu əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Anlaşma Memorandumu ilə bağlı fikir mübadiləsi aparılıb.

Siyasi şərhçi Aqşin Kərimov Amerikanın Səsinə bildirib ki, Azərbaycan Almaniyanın Avropada, eyni zamanda Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır.

“Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda Azərbaycanla Almaniya strateji tərəfdaşlıq statusu qazanaraq bu qismdə münasibətləri irəlilətmək çağırışı ilə üzləşiblər. İkitərəfli əlaqələrin dinamikası həm də Rusiya-Ukrayna müharibəsinin regional nəticələri fonunda üst səviyyəyə qalxmalıdır. Çünki həm Bakının, həm də Berlinin yanaşmalarındakı ortaq nöqtələr bunu labüd edir”, siyasi şərhçi bildirib.

Onun fikrincə, Azərbaycan-Almaniya münasibətlərinin regional təhlükəsizliklə bağlı istiqamətləri də mövcuddur.

“Bu, dilemmaların həlli, çağırışların icrasını tələsdirmək naminə stimullaşdırıcı dəyərlərə sahibdir. Münasibətlərin ruhunda pozitivliyi təşviq edən amillərdən biri də enerji sahəsindəki əməkdaşlıq modelidir, xüsusilə Azərbaycanın Avropa bazarlarına çıxardığı qazın əhəmiyyətinin artdığı, yaşıl enerji ixracındakı perspektiv potensialının nümayiş etdirdiyi dönəmdə bu, həlledici xarakter daşıyır. Almaniya Enerji Agentliyi də Azərbaycanda bərpa olunan enerjinin inkişafına dəstəkdə maraqlıdır. Hesab edirəm ki, energetika sahəsindəki əməkdaşlıq strateji tərəfdaşlığın çərçivələrini işləyib-hazırlamağa yardımçı olacaq", Aqşin Kərimov əlavə edib.

Xatırlatma

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-14-də Almaniyada işgüzar səfərdə olub. O, səfər çərçivəsində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Almaniya Kansleri Olaf Şolts və Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti İlham Əliyevlə birgə Berlində keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan Almaniyanın və rolu artmaqda olan Avropa İttifaqının tərəfdaşıdır. Almaniya Ermənistanla Azərbaycan arasında sülhdə maraqlıdır və son vaxtlar gərginliyin artmasından narahatdır.

"Sülh Azərbaycan və Ermənistanın ərazi bütövlüyü nəzərə alınmaqla qurulmalı, həmçinin hər iki ölkənin vətəndaşlarının hüquqları təmin edilməlidir", o qeyd edib.

Öz növbəsində İlham Əliyev deyib ki, Avropa İttifaqı və Azərbaycan arasında, əsasən enerji sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

"Azərbaycan Avropa ölkələrinə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır. Yaxın illərdə Azərbaycan Albaniya, Monteneqro, Çexiya və Macarıstana qaz nəql edəcək," o deyib.

XS
SM
MD
LG