Kanadanın "Arton Capital" konsaltinq şirkəti 2023-cü il üçün dünya pasportlarının reytinqini açıqlayıb. Reytinq 199 ölkəni əhatə edir.
Azərbaycan pasportu dünya reytinqində 61-ci yerdə qərarlaşıb.
Belə ki, Azərbaycan vətəndaşları 33 ölkəyə vizasız giriş əldə edə bilir, 48 ölkədə vizanı təyyarədən düşən zaman hava limanında ala bilir, 117 ölkəyə getmək üçün əvvəlcədən viza almalıdır.
Bu reytinqdə Gürcüstan 30-cu, Türkiyə 35-ci yeri bölüşür.
Gürcüstan vətəndaşları 78 ölkəyə vizasız daxil ola bilir. 53 ölkəyə təyyarə limanında viza ala bilir. 67 ölkəyə isə qabaqcadan viza almalıdır. Türkiyə vətəndaşları 74 ölkəyə vizası gedə bilir. 51 ölkəyə vizanı hava limanında əldə edə bilir. 73 ölkəyə getmək üçün qabaqcadan viza almalıdır.
Reytinqin lideri Birləşmiş Ərəb Əmirliklərinin pasportudur. Onun sahibləri 125 ölkəyə vizasız gedə bilir. Daha 55 ölkədə vizanı getdikləri ölkəyə girən zaman ala bilirlər. Yalnız 18 ölkəyə getmək üçün vizanı əvvəlcədən almalıdırlar.
İkinci yerdə Almaniya, İsveç, Finlandiya, İspaniya, Lüksemburq, Fransa, İtaliya, Hollandiya, Avstriya, İsveçrə və Cənubi Koreya qərarlaşıb. Bu ölkələrin vətəndaşları 23 ölkəyə səfər edərkən əvvəlcədən viza üçün müraciət etməlidirlər.
Üçüncü yeri Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya, Böyük Britaniya və Yeni Zelandiya tutur. Bu ölkələrin vətəndaşları 24 ölkəyə qabaqcadan viza almalıdır.
ABŞ pasportu dördüncü yerdədir. Bu ölkənin vətəndaşları 120 ölkəyə vizasız səfər edə bilir. 53 ölkənin hava limasnında viza əldə edə bilir. 25 ölkəyə isə qabaqcadan viza almalıdır.
Reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi və hava limanına düşən zaman viza ala biləcəyi ölkələrin sayına əsasən tərtib olunub.