Accessibility links

Dünya Bankı Azərbaycanda “yaşıl enerjiyə keçid” üzrə islahata kömək etməyə hazır olduğunu bildirir


Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani arasında görüş keçirilir, 19 fevral, 2024 (Mənbə: Enegetika Nazirliyi).
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani arasında görüş keçirilir, 19 fevral, 2024 (Mənbə: Enegetika Nazirliyi).

Fevralın 19-da Vaşinqtonda Azərbaycan və Dünya Bankı Azərbaycanın 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, damüstü günəş panelləri, enerji saxlanc sistemləri, “yaşıl hidrogen”, enerji səmərəliliyi və emissiyaların azaldılması üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıb. Bu barədə Azərbaycan Energetika Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-da səfərdə olan energetika naziri Pərviz Şahbazov fevralın 19-da Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.

Görüşdə Azərbaycanın enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Şahbazov Azərbaycanda daxili istehlak və ixrac məqsədilə bərpa olunan enerjinin inkişaf etdirilməsi, şəbəkənin gücləndirilməsi və
modernləşdirilməsi, həmçinin regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətdə Dünya Bankının iştirakını yüksək qiymətləndirib.

“Dünya Bankının Avropa Yenidənqurma və İnkişaf Bankı və digər potensial tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi prosesinin intensivləşdirilməsi və bu məqsədlə maliyyə dəstəyinin tezləşdirilməsi ölkəmizin bərpa olunan enerji ilə bağlı hədəflərinin reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır”, nazir qeyd edib.

Görüşdə həmçinin “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmasını dəstəklədiyi vurğulanıb.

“Bu xüsusda, 4 ölkəni əhatə edən dəhlizin texniki-iqtisadi əsaslandırlmasının hazırlanması, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan bu dəhliz vasitəsilə “yaşıl enerji”nin ötürülməsi ilə bağlı məlumatlar diqqətə çatdırılıb”, məlumatda qeyd edilir.

Vitse-prezident Antonella Bassani bildirib ki, Dünya Bankı COP-a sədrlik edən ölkə olaraq Azərbaycana “yaşıl enerji keçidi” üzrə əldə etdiyi irəliləyişləri nümayiş etdirməkdə, birgə layihələrin tezliklə reallaşmasında və iddialı islahat gündəliyinin icrasında kömək etməyə hazırdır.

Azərbaycan Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 faizə çatdırılması əsas hədəf kimi müəyyən edilib. Bu məqsədlə Bərpa Olunan Enerji Mənbələri (BOEM) hesabına ümumilikdə təxminən 1500 MVt yeni generasiya güclərinin yaradılması nəzərdə tutulub.

2022-ci il ərzində respublikada elektrik enerjisinin istehsalı 28,9 milyard kVt·st təşkil edib. Bu dövrdə elektrik enerjisinin istehsalı Su Elelktrik Sransiyalarında 1595.7 mln. kVt·st, digər mənbələr üzrə isə 349,5 mln. kVt·st olub. İl ərzində külək elektrik stansiyalarında 83,3 mln. kVt·st, Günəş Elektrik Stansiyalarında 60,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 205,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın təqribən 7 faizini təşkil edib.

Bununla yanaşı, Azərbaycan dünyanın bir sıra tanınmış şirkətləri ilə bərpa olunan enerji istehsalı və tranziti ilə bağlı çoxsaylı sazişlər imzalayıb.

2023-cü il iyunun 1-də ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazovla Azərbaycanın ABŞ-la Cənub Qaz Dəhlizi, hidrogen də daxil olmaqla “yaşıl enerji” layihələrinin inkişafı, metan emissiyalarının azaldılmasına dair fikir mübadiləsi aparıb.

Görüşdə Xəzərdən “yaşıl enerji” istehsalını və bu enerjinin Avropaya Gürcüstandan keçməklə Qara dəniz və Naxçıvan üzərindən Türkiyə vasitəsilə ixracı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib.

Forum

XS
SM
MD
LG