Accessibility links

Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram çərçivəsində tədbirlər keçirilir


Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqrama üzv dövlətlərin toplantısı (Mənbə: Azərbaycan Prezidentin Administrasiyası)
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqrama üzv dövlətlərin toplantısı (Mənbə: Azərbaycan Prezidentin Administrasiyası)

20-24 noyabrda Bakıda BMT və onun Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində "SPECA Günləri" keçirilir. Bu platforma 25 il əvvəl yaradılıb.

Azərbaycanın sədrliyi ilə keçirilən forumda Mərkəzi Asiya ölkələrinin, Gürcüstan, Macarıstan dövlət və hökumət başçıları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində ticarət, gender və Davamlı İnkişaf Məqsədləri üzrə sənaye işçi qruplarının (SDG), iqtisadi forumun və SPECA rəhbərliyinin 18-ci sessiyası keçirlir.

Forum çərçivəsində "SPECA ölkələri: davamlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi də təşkil olunub.

Müzakirələrdə iştirakçı dövlətlərin ümumi problemlərini həll etmək üçün yeni strategiyaların öyrənilməsi, proqram çərçivəsində etimad fondunun yaradılmasına xüsusi diqqət yetirilir.

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın üzv dövlət başçıları (Mənbə: Azərbaycan Prezidentin Administrasiyası)
Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramın üzv dövlət başçıları (Mənbə: Azərbaycan Prezidentin Administrasiyası)

İqtisadi forumda aparılan müzakirələr rəqəmsal məlumatların transformasiyası və təchizat zəncirində sənəd mübadiləsindən tutmuş nəqliyyat əlaqəsi məsələlərinə qədər bir sıra mövzulara həsr olunub. Bundan əlavə, sammitdə SPECA regionunda yaşıl enerjinin inteqrasiyasının zəruriliyi və yaranan çağırışlar şəraitində Orta Dəhlizin artan əhəmiyyəti müzakirə olunur.

Azərbaycan 2023-cü ildən SPECA sədrlik edir. Bakı sammitindən sonra sədrlik Tacikistana keçəcək.

Noyabrın 24-də SPECA-ya üzv dövlətlərin zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Gürcüstan və Macarısatn lideləri, bir sıra digər ölkələrin nümayəndələri və çoxsaylı beynəlxaq təşkilatarın təmsilçiləri iştirak edir.

Prezident İlham Əliyev bildirib ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar.

“Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik”, o qeyd edib.

Əliyev üzv ölkələri birləşdirən amillər arasında siyasi sabitliyi xüsusi vurğulayıb.

“Sabitik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”, ölkə başçısı deyib.

İlham Əliyev (Mənbə: Azərbaycan Prezidentin Administrasiyası)
İlham Əliyev (Mənbə: Azərbaycan Prezidentin Administrasiyası)

Azərbaycan Prezidenti düşünür ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunması təqdirəlayiq addımdır.

“Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək”.

İlham Əliyev bildirib ki, Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.

“Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqli davamı kimi qiymətləndirirəm”, Prezident qeyd edib.

Əliyev hesab edir ki, Azərbaycan əlverişli investisiya mühiti yarada bilib.

“Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”, dövlət başçısı bildirib.

1998-ci ildə yaradılmış BMT və onun Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan üzvlüyə malikdir. Gürcüstan və Macarıstan tədbirlərə müşahidəçi qismində qatılır.

SPECA üzv dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməyə və onların dünya iqtisadiyyatına inteqrasiyasını təşviq etməyə çalışır.

Mehman Əliyev
Mehman Əliyev

Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, SPECA Orta Asiya və Cənubi Qafqazı birləşdirən böyük layihənin bir hissəsidir. Bu platformada iştirakçı dövlətlərin maraqları digər platformalarda da üst-üstə düşür.

“Belə ki, iştirakçı dövlətlərin əksəriyyətinin maraqları Türk Dövlətləri Təşkilarında, Orta Asiya ölklərinin daxili platformalarında, Orta Asiya-ABŞ, Orta Asiya-Çin, Avropa Birliyi-Orta Asiya, Orta Dəhliz və başqa layihələrdə üst-üstə düşür. Burada məqsəd əlaqələrin geniləndirilməsi, yeni bazarların formalaşdırılmasıdır”, o qeyd edib.

Mehman Əliyev hesab edir ki, əsas məsələlərdən biri də logistikadır.

“Yeni yolların qurulması, daxili infrastrukturların yaradılması, qanunvericilik bazasının uyğunlaşdırılması, müşətərək iqtisadi layihələrin yaradılması, yəni bunların hamısı regionun inkişafına yönəlib”.

O, regionun geopolitik əhəmiyyətindən danışarkən deyib ki, SSRİ dağılandan sonra bu region durğunluq dövrünü yaşayıb.

“Neft-qaz olan ölkələrdə müəyyən inkişaf olub. Amma regionda böyük insan kapitalı var ki, indiyədək efektiv olmayıb. Həmçinin regionda zəngin xammal resursları mövcuddur. İştirakçı dövlətlər arasında ticarət dövriyyəsi də çox zəifdir. Regionun potensialı böyük olsa da, beynəlxalq iqtisadiyata töhfəsi kifayət qədər zəifdir. Ona görə də indi əsas məqsəd bu potensialı genişləndirmək və dünya iqtisadiyyatında çəkisini artırmaqdır. Yəni bu platformanın prioriteti Orta Asiya və Qafqazın çiçəklənərək dünya bazarında oyunçuya çevrilməsidir”, Turan Agentliyinin direktoru belə düşünür.

Forum

XS
SM
MD
LG