Accessibility links

Təhlilçi: Azərbaycan Avropa ilə üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür


Pərviz Şahbazov və Kadri Simson (Mənbə: Energetika Nazirliyi)
Pərviz Şahbazov və Kadri Simson (Mənbə: Energetika Nazirliyi)

Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 2-ci iclasının həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Enerji məsələləri üzrə Avropa Komissarı Kadri Simson forumun yekunları ilə bağlı mətbuat üçün bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, bu mühüm tədbirdə 23 tərəfdaş hökumətin, 52 qurum və şirkətin nümayəndələri bir araya gəlib.

Həmsədrlər bildirib ki, görüşdə Avropa İttifaqı və Azərbaycanın əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatı, bərpa olunan enerji istehsalının stimullaşdırılması, enerji səmərəliliyi, hidrogen, metan emissiyalarının azaldılması və ətraf mühitin qorunması mövzularını əhatə edən energetika sahəsində strateji tərəfdaşlıq əlaqələrinə mütləq şəkildə sadiq olduqları bir daha təsdiqlənib.

“2023-cü ildə Avropa İttifaqına Azərbaycandan təqribən 12 milyard kub metr təbii qaz tədarük edilib. Bu da 2021-ci ildən bəri 45 faizdən çox artım deməkdir. Ümumilikdə, Azərbaycan 2023-cü ildə Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Serbiya bazarlarına təqribən 23,9 milyard kub metr təbii qaz ixrac edib”, bəyanatda qeyd edilir.

Həmsədrlər bildirib ki, iştirakçılar Azərbaycandan Avropa İttifaqına tədarük olunan qazın həcmini daha da artırmaq məqsədilə müvafiq infrastrukturu və qaz yataqlarını inkişaf etdirmək üçün görülən cari işləri müzakirə ediblər.

Sənəddə həmçinin “Həmrəylik halqası” təşəbbüsü, o cümlədən Bolqarıstan-Serbiya İnterkonnektorundan və Transaa-Balkan boru kəmərindən bəhs olunub.

Bəyanatda deyilir ki, ölkələr, maliyyə institutları və şirkətlər Xəzər regionunun bərpa olunan enerji potensialının səfərbər edilməsində, o cümlədən enerjinin istehsalı və ötürülməsi imkanlarının genişləndirilməsində və hidrogen və digər bərpa olunan yanacaq növlərinin rolunun nəzərə alınmasında fəal rol oynamağı öhdələrinə götürüblər.

Sonda həmsədrlər Avropa İttifaqı və Azərbaycan tərəfləri arasında dənizdə külək enerjisinin inkişafına dair biznes və investisiya dəyirmi masasını çağırılıblar.

İlham Şaban
İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, bu toplantı masştabına görə indiyədək olan toplantıların ən böyüyü idi.

“3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi kimi bir infrastrukturu ortaya qoymaq, 7 dövlət və şirkətlər arasında məsələləri çevik həll etmək üçün 2015-ci ildə yaranan Cənub Qaz Dəhlizi Məşvərət Şurasına maraq daha artmaqdadır. Bunu 10 illlik yubiley iclası bir daha sübut etdi. Dünənki tədbirə artıq 23 tərəfdaş hökumət, 52 qurum və şirkət qatılıb”, o qeyd edib.

İlham Şaban: Azərbaycan Avropa ilə üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür
please wait

No media source currently available

0:00 0:09:20 0:00
Direct link

Təhlilçi qaz dəhlizinə maraqların artmasının səbəblərindən danışarkən deyib ki, hələ Cənub Qaz Dəhliznin birinci hissəsi istismara verilib.

“Bu dinamik inkişaf edən layihədir. Bakı görüşündə qeyd etdilər ki, 2025-cilin sonunadək Cənub Qaz Dəhlizinin buraxılış gücünün 1,2 milyard kub metr artırılması gözlənilir. 2027-ci ilin sonunadək isə buraxılış gücü iki dəfə artırılacaq. 2020-ci ildə bu kəmərin Avropaya gedən TAP hissəsinin buraxılış gücü 10 milyard kubmetr idi, bu gün artıq daxili imkanlar və qurğulardan səmərəli istifadə sahəsində 11,8 milyard kub metr qazı ötürülür”.

Şaban deyib ki, yeni bir ölkə, Albaniya Azərbaycan qazı alacaq.

“İtaliya Azərbaycandan 8 milyard kubmetr qaz alırdısa, daha bir milyard kub metr qaz alacağını artıq təsdiq edib. Bundan əlavə Serbiya, Macarıstan, Slovakiya qaz alacaq. Bunlar isə Azərbaycan qazının Avropaya ixracının həcminin artırılması deməkdir”.

Avropa enerji Komissarı bildirib ki, Avropa İttifaqı ölkələri Rusiya qazından tamamilə imtina edib başqa mənbələrdən qaz almağı qarşılarına məqsəd qoyub, onlardan biri də Azərbaycandır.

“2023-cü ilin nəticələrinə görə Avropa İttifaqına boru kəmərləri vasitəsi ilə qaz ixracında Azərbaycan 5-ci yerdə olub. Ola bilsin ki, gələn il Azərbaycan Avropaya Rusiyadan daha çox qaz ixrac edəcək”, İlham Şaban belə hesab edir.

Bununla yanaşı Avropa İttifaqı 2050-ci ilədək resurs enerjisindən imtinanı qərara alıb.

“Avropa İttifaqı o dövrədək təbii qazdan asılılığını azaltmaq yolunu tutub. Azərbaycandan hələ yalnız Şahdəniz yataqının qazı Avropaya ixrac edilir. Yeni resurs mənbəyi olaraq Abşeron yatağının ikinci mərhələsindən çıxan qaz tamamilə Avropa bazarına yönəldiləcək. Bundan əlavə bir il sonra Azərbaycanın bir nömrəli neft bloku olan Azəri-Çıraq-Günəşli yatağı həm də təbii qaz istehsalçısı kimi bazara çıxacaq. Burada 2024-cü ilin dördüncü rübündə ilk istismar quyusu qazılacaq və 2025-ci ilin birinci rübündə ixrac üçün təbii qaz çıxarılacaq”.

Təhlilçi hesab edir ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcədə də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək.

“Bu baxımdan Azərbaycan Avropa ilə üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Dünənki görüşdə də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı oldu. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan bu görüşlərdə aktiv iştirak etdi”.

İlham Şaban deyib ki, Avropanın Türkmənistan qazını almasına maraqlarının olmasına baxmayaraq Türkmənistan Bakı toplantısına qatılmayıb.

“Onun əvəzində Özbəkistan və Qazaxıstan fəal olub. Hazırda dünyada yaranmış siyasi-iqtisadi qeyri-müəyyənlikdə Xəzərin şərq sahili ilə qərb sahilini artıq boru kəməri deyil, elektrik enerjisi kabelinin birləşdirəcəyi reallığı üzə çıxır”, o qeyd edib.

Forum

XS
SM
MD
LG