Accessibility links

Aİ Komissarı “enerji əməkdaşlığını inkişaf etdirmək üçün” Bakıya səfər edir


Aİ Enerji Komissarı Kadri Simson
Aİ Enerji Komissarı Kadri Simson

Avropa İttifaqının enerji məsələləri üzrə Komissarı Kadri Simson “enerji əməkdaşlığını inkişaf etdirmək üçün” martın 1-də Azərbaycana səfər edəcək.

Avropa Komissiyasının məlumatına görə, Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasına və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında iştirak edəcək.

Komissar Simson səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev və Energetika naziri Pərviz Şahbazovla da müzakirələr apararaq bir sıra ikitərəfli görüşlər keçirəcək.

“Azərbaycan bu ilin sonunda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşarkən, bu səfər Prezident von der Leyen tərəfindən 2022-ci ildə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu əsasında qurulan Aİ və Azərbaycan arasında strateji enerji tərəfdaşlığını bir daha təsdiqləyir”, məlumatda qeyd edilir.

Aİ Komissarı həmçinin Azərbaycanla bərpa olunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində bir sıra görüşlərdə və Azərbaycanla Avropa şirkətləri arasında bərpa olunan enerji layihələrinə dair Anlaşma Memorandumlarının imzalanma mərasimlərdə iştirak edəcək.

Azərbaycanın Energetika Nazirliyi məlumat verir ki, martın 1-də baş tutacaq Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasına Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılacaq.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəğə baxış” və “COP 29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” üzrə plenar sessiyalarla davam edəcək.

Bununla yanaşı, Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçiriləcək.

Forum

XS
SM
MD
LG