Accessibility links

Milli Məclis Avropa Parlamentinin tənqidi hesabatlarını qərəzli hesab edir


Avropa Parlamenti
Avropa Parlamenti

Azərbaycan Milli Məclisi Avropa Parlamentinin fevralın 28-də qəbul etdiyi “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” başlıqlı illik hesabatında Azərbaycanla bağlı əks etdirilən tənqidi fikirləri “qərəzli, birtərəfli” adlandıraraq qınayıb.

Avropa Parlamentinin illik hesabatında Azərbaycanın ötən ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyatlar yenidən pislənib, əməliyyatların mülki əhali üçün “de-fakto etnik təmizləməyə bərabər olan” nəticələrindən ciddi şəkildə narahatlıq ifadə edilib.

Parlament Avropa İttifaqını Azərbaycan hakimiyyətinə, o cümlədən siyasi və hərbi liderliyə qarşı sanksiyalar tətbiq etməyə, Azərbaycanla enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və yeni tərəfdaşlıq sazişi üzrə danışıqları dayandırmağa çağırıb.

Azərbaycan Milli Məclisi fevralın 29-da yaydığı bəyanatda Avropa Parlamentini Azərbaycan torpaqlarının 30 il ərzində Ermənistan tərəfindən işğal altında olmasına siyasi-hüquqi qiymət verməkdən ardıcıl surətdə imtina etməkdə ittiham edib, Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin etməsinə göstərilən münasibətin də əvvəlkilərdən fərqlənmədiyini əlavə edib.

“Avropa Parlamenti başa düşməlidir ki, daha əvvəl qəbul etdiyi qətnamələr kimi, bu sənəd də Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç kim tərəfindən şübhə altına alına bilməz. Heç kim Azərbaycana təzyiq göstərə bilməz”, Milli Məclisin bəyanatında qeyd edilir.

Parlamentin hesabatlarında Azərbaycanda insan hüquqlarının vəziyyəti tənqid olunur

Avropa Parlamentinin bu həftə keçirilən plenar iclasında qəbul edilən “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” adlı digər hesabatda Azərbaycanda insan hüquqlarının vəziyyəti, o cümlədən müstəqil jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı “son zamanlar daha da kəskinləşən repressiyalar”dan ciddi narahatlıq ifadə edilib.

Bu hesabatda da Azərbaycanın Qarabağdakı əməliyyatları pislənib və Aİ Şurası Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırılıb.

Avropa Parlamenti təkid edir ki, İttifaqın Azərbaycanla münasibətlərinin istənilən dərinləşməsi Azərbaycan hakimiyyətinin insan hüquqlarına, qanunun aliliyinə, demokratiyaya və əsas azadlıqlara, o cümlədən etnik azlıqların müdafiəsinə hörmətlə bağlı mühüm irəliləyiş əldə etməsi ilə şərtləndirilməlidir.

Avropa Parlamenti ötən bir il ərzində Azərbaycanla bağlı üç qətnamə və bir hesabat qəbul edib. Bununla yanaşı, avropalı deputatlar Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsinə dair çoxsaylı bəyanat və çıxışlar ediblər.

Ötən ilin martında qəbul edilən “Aİ-Azərbaycan münasibətləri” hesabatında Avropa Parlamenti Azərbaycanı insan hüquqlarına hörmət etməyə çağırıb. Parlament həmçinin Azərbaycanda müxalif fəalların, jurnalist və hüquq müdafiəçilərinin həbsinə reaksiya verərək ötən ilin sentyabrında daha bir qətnamə qəbul edib. Həmin qətnamədə Parlament Qubad İbadoğlunun və digər siyasi məhbusların azad edilməsinə çağırıb, insan hüquqlarını pozan məmurlara qarşı sanksiyaların tətbiq edilməsində təkid edib.

Forum

XS
SM
MD
LG