Accessibility links

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda nazirlərin iclası keçirilir


Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasının iştirakçıları.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasının iştirakçıları.

Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası açılıb.

Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılıb.

Prezident İlham Əliyev açılış mərasimidnə Azərbaycanın beynəlxalq energetika tərəfdaşlığı çərçivəsində öz öhdəliklərinə sadiqliyini və Avropaya karbohidrat və yaşıl enerji tədarükü layihələrini inkişaf etdirməyə hazır olduğunu təsdiq edib.

"Azərbaycan özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Bizim sözümüz də imzamız qədər əhəmiyyətlidir. Əminəm ki, müəyyən etdiyimiz bütün planlar həyata keçiriləcək", o qeyd edib.

Əliyevin sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi Avrasiya məkanında ən böyük infrastruktur layihələrindən biri olub.

Azərbaycan həm tədarük marşrutlarının, həm də enerji mənbələrinin şaxələndirilməsinin tərəfdarıdır.

"Avrasiyada bugünki geosiyasi vəziyyət nə etmək lazım olduğunu dəqiqliklə sübut edir", o bildirib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası (Mənbə: Prezident Administrasiyası)
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası (Mənbə: Prezident Administrasiyası)

Əliyev həmçinin qeyd edib ki, Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda dərin qatlardan (deep-gas) təbii qaz çıxarılmasına 2025-ci ilin birinci rübündə başlanacaq.

Uzun illər ərzində Azərbaycan neftinin əsas ixrac mənbəyi olan AÇG bloku həm də Azərbyacan qazının tədarükü üçün əlavə mənbə olacaq. AÇG-də deep-gas ehtiyatları 300 milyard kubmetr qaz olaraq qiymətləndirilir.

Toplantı açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpaolunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam etdirib.

Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dənizdə külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçirilib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.

Forum

XS
SM
MD
LG