Accessibility links

Məmməd Talıblı: Avropaya inteqrasiya yolu ilə inkişafı təmin edə bilərik


Məmməd Talıblı: Avropaya inteqrasiya yolu ilə inkişafı təmin edə bilərik
please wait

No media source currently available

0:00 0:06:36 0:00

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məmməd Talıblı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi və ticarət əlaqələrindən danışıb.

Amerikanın Səsi: Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ticarət əlaqələrində ixrac və idxalın nisbəti necədir və hansı məhsullar üstünlük təşkil edir?

Məmməd Talıblı: Əgər son iki ildəki rəsmi məlumatlara istinad etsək Azərbaycanın ümumi ixracatı 38 milyard dollar səviyyəsində olub. Bunun 35 milyard dolları neft və neft məhsullarıdır, 3 milyard dolları qeyri-neft sektorunun məhsullarıdır. Bu 35 milyardlıq ixracatımızın təxminən 25 milyard dolları Avropa Birliyi ölkələri ilədir. Yəni Avropa Birliyi ölkələrinə təxminən 25 milyard dollarlıq məhsul ixrac etmişik. Burada idxalın payı təxminən 16 faizdir. Müqayisədən də görünür ki, Avropa Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda Azərbaycan Avropa ilə az-çox iqtisadi əlaqələrdədir. Bununla da Azərbaycanın xarici iqtisadi əlaqələrində Avropa Birliyinin xüsusi bir ağırlıq təşkil etdiyi hiss olunur.

Amerikanın Səsi: Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 7 milyard avro birbaşa investisiya qoyub. Siz Avropa İttifaqının Azərbaycanla iqtisadi əlaqələrini necə xarakterizə edərdiniz? Bu sahədə hansı problemlər var?

Məmməd Talıblı: Təbii ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində digər ölkələrlə həyata keçirdiyi islahatlar, real məzmunlu inteqrasiya addımları ilə müqayisədə Azərbaycanın çox zəif addımları hiss olunur. Ona görə də Avropa Birliyi ölkələrinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrində xüsusilə Gürcüstanın və Ukraynanın rolunda daha ağırlıq hiss olunur. Azərbaycan həmin ölkələrlə müqayisədə Avropa ailəsinə daha zəif inteqrasiya etmiş dövlətlərdən biri hesab oluna bilər. Burada formal bir əməkdaşlıq deyil, daha çox real məzmunlu bir inteqrasiya kursu əsas götürülməli idi. Avropa ailəsinə məhz hərtərəfli, çoxvektorlu iqtisadi əlaqələrdə olmalı idik.

Amerikanın Səsi: Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün Avropa İttifaqından texniki dəstək alır. Azərbaycan həm də Ümumdünya Ticarət Təşkilatı ilə ən uzun müddətdə danışıqlar aparan ölkədir. Bu ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olmasını ləngidən səbəblər nədir?

Məmməd Talıblı: Burada rəsmi məlumat qeyri-müəyyəndir. Amma əslində məlum olan vacib, bəlkə də prinsipial məsələ kimi görünən daha çox Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olan zaman onun statusu ilə bağlı olan məsələdir. Yəni Azərbaycanı inkişaf etmiş ölkə statusu ilə, yoxsa inkişaf etməkdə olan ölkə statusu ilə üzv qəbul etmək istəyirlər. Çünki Azərbaycan inkişaf etməkdə olan ölkə statusu ilə daxil olsa müəyyən imtiyazlar var ki, ondan istifadə edə bilər. Amma inkişaf etmiş ölkə statusu ilə daxil olsa bir çox sektorlar var ki, onların rəqabət aparmaq imkanları məhdud olar. Bu baxımdan, Azərbaycan daha çox inkişaf etməkdə olan ölkə statusu ilə üzv olmaqda maraqlıdır və iddialıdır. Mənə elə gəlir ki, əslində real səbəb bu deyil. Bu, əslində səbəbdən daha çox bəhanə təsiri bağışlayır. Azərbaycan Dünya Ticarət Təşkilatının tarixində bəlkə də yeganə ölkədir ki, uzun müddətli, 27 il ərzində danışıq aparır. Danışıqlar da heç bir real nəticələrə gətirib çıxarmır. Bu, belə demək mümkündürsə, əslində üzv olmaq üçün deyil, üzv olmamaq üçün aparılan danışıq təəssüratı yaradır.

Amerikanın Səsi: Azərbaycan Avropa İttifaqının strateji enerji tərəfdaşıdır və Avropanın qaz təchizatının 5 faizini ödəyir. Enerji sahəsində əlaqələrin inkişaf perspektivlərini necə görürsünüz?

Məmməd Talıblı: Əgər etiraz etməsəniz, orada bir qədər düzəliş etmək olar ki, bu 5 faizlik nisbət deyil, 5 faizə qədər olan bir nisbətdir. Burada Avropanın enerji tədarükündə 3,4 faizlik Azərbaycanın payından söhbət gedir. Bilirsiniz ki, 2021-ci ildə Azərbaycan Avropa bazarına 8 milyard kubmetr qaz ixrac edib. 2023-cü ildə bu rəqəm təxminən 12 milyard kubmetr olub. Ona görə də Azərbaycanı Avropa bazarında aparıcı bir enerji oyunçusu kimi təsnifatlaşdırmaq, klassifikasiya etmək doğru yanaşma deyil. Yəni, bu Azərbaycanın əslində qaz və neft ölkəsi olaraq real gücünü lazım olduğundan daha böyük təsvir etməyə bənzəyir. Ona görə də Azərbaycan Avropa ailəsi ilə daha çox inteqrasiya etməlidir, nəinki enerji sahəsində, neft-qaz sektorunda. Eyni zamanda qeyri-enerji sektorunda da ixracatın artırılması istiqamətində real məzmunlu islahatlar həyata keçirilməlidir. Nəhayət Azərbaycanın 38 milyardlıq ixracatında Avropanın 25 milyardlıq payı vardırsa, eyni zamanda Azərbaycana daxil olan valyutaların xüsusi çəkisində də Avropa bazarının çox payı var. Eyni zamanda biz məhsullarımızı daha çox Avropa bazarında sata bilərik. Əgər biz qeyri-neft sektorunu inkişaf etdirə bilsək neft və qaz məhsulları ilə bərabər qeyri-neft ixracat məhsullarını da Avropa bazarına ixrac edə bilərik. Bu baxımdan Avropa bizim üçün cazibədar bazardır. Böyük valyuta daxil olmaları kanallarının diapozonlarının genişlənməsi nöqteyi-nəzərindən biz Avropa ilə nəinki izolyasiya, əksinə dah çox sıx inteqrasiya kursu tutmaq hesabına ölkənin daha çox perspektiv inkişafını təmin edə bilərik. Əks halda, ən yaxşı halda biz MDB ölkələri, bu lənətlənmiş bir dairədən kənara çıxa bilmərik. Avropa bazarı deyəndə biz orada yalnız enerji məhsullarının ixracını nəzərdə tutmalı deyilik. Eyni zamanda müasir inkişafın, daha çox innovativ texnologiyaların, hərtərəfli inkişafın ən mühüm məqamı budur. Həm də 500-600 milyonluq bir istehlakçı bazarından söhbət gedir ki, bu istehlakçı bazarına daha çox məhsul və xidmətləri ixrac etmək olar. Nəticədə oradan ölkəyə valyuta daxil olma imkanlarımızı genişləndirə bilərik.

Forum

XS
SM
MD
LG