Accessibility links

ABŞ və Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirlikləri Ukraynanı dəstəklədiklərini bəyan edib


Avropa İttifaqı ölkələrinin səfirləri Ukraynanı dəstəkləyir (Mənbə: Sosial şəbəkə)
Avropa İttifaqı ölkələrinin səfirləri Ukraynanı dəstəkləyir (Mənbə: Sosial şəbəkə)

Rusiya-Ukrayna müharibəsinin ikinci ili tamam olur. Müharibənin ikinci ildönümündə ABŞ və Avropa İttifaqının Azərbaycandakı səfirlikləri Ukraynayanı dəstəkləyən bəyanatlarla çıxış edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu 2022-ci il fevralın 24-də başlayıb.

BMT-nin məlumatına görə, Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri 10 mindən çox dinc sakin həlak olub, 20 minə yaxın insan yaralanıb.

Tərəflər hərbi itkiləri barədə rəsmi statistikanı açıqlanmır. Müxtəlif hərbi araşdırma qurumlarının məlumatında isə hər iki tərfdən həlak olan hərbçilərin sayının yüz minlərlə olduğu bildirilir.

Britaniya Müdafiə Nazirliyi 2024-cü ilin 4 yanvarında X platformasında bildirib ki, Rusiyanın Ukraynadakı gündəlik itkiləri ötən il demək olar 300 nəfər artıb.

Nazirliyin məlumatına görə, itkilər bu sürətlə davam etsə, Rusiyanın ilin sonuna qədər “Ukraynada yarım milyondan çox hərbçisi ölə və yaralana” bilər.

Müqayisə üçün, nazirlik bildirib ki, Sovet İttifaqının 1979-1989-cu illərdə Əfqanıstanda 70 mindən çox itkisi olub.

Fevralın 24-də Avropa İttifaqının Azərbaycandakı səfirləri “Biz Ukraynanı dəstəkləyirik” bəyanatı ilə çıxış edib.

Sənəddə deyilir ki, Avropa İttifaqı və ona üzv dövlətlərin iki ildir ki, Rusiya tərəfindən işğalçı müharibənin qurbanı olan Ukraynaya güclü və sarsılmaz dəstəyini ifadə edir.

“Avropa İttifaqı Ukrayna və onun xalqına nə qədər vaxt lazım olsa güclü siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək göstərməyə davam edəcək. Ukrayna üstün gələcək və Avropa Ukraynanın hər addımında onun yanında olacaq!” bəyanatda qeyd edilir.

ABŞ-ın Azərbaycandakı səfirliyi də “ABŞ Ukraynanın yanındadır!” şüarı ilə çıxış edib.

“ABŞ, və bizim müttəfiq və tərəfdaşlarımızın göstərdikləri böyük cəsarət və təhlükəsizliklə bağlı yardımı sayəsində Ukrayna 2022-ci ildə rus qoşunlarının işğal etdiyi ərazilərin yarıdan çoxunu geri qaytarıb”, ABŞ səfirliyi qeyd edib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski müharibənin ikinci ildönümü ilə bağlı bəyanatında çoxsaylı yardımlarına görə Azərbaycana minnətdarlıq edib.

“Rusiyanın Ukraynaya qarşı davam edən silahlı təcavüzü şəraitində Ukraynaya dəstək və həmrəyliyə görə Azərbaycandakı diplomatik ictimaiyyətə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm”, səfir qeyd edib.

Kanevski bildirir ki, on il əvvəl Rusiyanın Ukraynaya qarşı təxribatçı silahlı təcavüzü dünyada İkinci Dünya müharibəsindən sonra yeni dağıntılar prosesini başlatdı.

“Ukraynalılar üçün hər gün, hər dəqiqə həyat, var olmaq, övladlarının gələcəyi uğrunda mübarizədir. 24 fevral 2022-ci ildə Rusiya ölkəmə hücum edəndə, Ukraynanın dözəcəyinə az adam ümid edirdi. Ukrayna ordusunun və xalqımızın qəhrəmancasına müqaviməti dünyada Rusiyanı məğlub etmək üçün ümid yaradıb. Biz Rus ordusunun yenilməzliyi, vəhşilikləri və müharibə cinayətləri barədə, Rusiyanın barbarlıq mahiyyətini ortaya qoyan mif və rəvayətləri darmadağın etdik. Bu çətin zamanda, göstərilən köməyə görə dostlarımıza çox minnətdarıq. Onların dəstəyi bizə ayaqda durmağa kömək etdi və bizi daha güclü etdi”, Kanevski qeyd edib.

Ambassador of Ukraine to Azerbaijan Vladislav Kanevsky
Ambassador of Ukraine to Azerbaijan Vladislav Kanevsky

O təəssüflə bildirir ki, Putin hələ də Ukraynanı məhv etməyə çalışır.

“Üstəlik, Ukraynanın lazımi silahlarla təmin edilməsinin gecikməsi qaniçən canavarın iştahını qızışdırır. Rusiyanın müharibəni bitirməyə hazır olduğuna dair əsər-əlamət yoxdur. Rusiyanın başa düşdüyü yeganə dil güc dilidir. Ukraynaya hərbi dəstək isə Ukraynanın Avropada möhkəm və davamlı sülhün bərqərar olmasına dair danışıqlar mövqeyinin yüksəlməsinə gətirib çıxarır”, səfir qeyd edib.

Forum

XS
SM
MD
LG