Accessibility links

ABŞ və Britaniya NATO rəhbəri postuna Mark Ruttenin namizədliyini dəstəkləyib ​


Mark Rutte
Mark Rutte

Birləşmiş Ştatlar və Böyük Britaniya cümə axşamı Niderlandın Baş naziri Mark Rutteni NATO Baş katibi postunda Yens Stoltenberqi əvəz etməsini dəstəkləyib.

"Prezident Bayden Baş nazir Ruttenin NATO-nun növbəti Baş katibliyinə namizədliyini qətiyyətlə dəstəkləyir. Baş nazir Rutte Alyansın əhəmiyyətini dərindən dərk edir. O, anadangəlmə lider və ünsiyyətcildir və onun rəhbərliyi bu kritik zamanda Alyansa yaxşı xidmət edəcək" - deyə, ABŞ rəsmisi bildirib.

Əvvəllər də NATO-ya rəhbərlik etməyə ən çox ehtimal olunan və namizəd kimi görünən Rutte şənbə günü Avropanın ən çox diqqəti Ukrayna üçün nə edə biləcəyinə yetirməli olduğunu deyib.

Alyans liderləri konsensus əsasında təyin edilir ki, bunun üçün NATO-ya üzv olan bütün ölkələrdən (31 ölkə) dəstək və ya ən azı etirazın olmaması tələb olunur. İki diplomatın sözlərinə görə, Ruttenin namizədliyi hazırda alyansa üzv olan təxminən 20 dövlət tərəfindən dəstəklənir.

Norveçin keçmiş baş naziri Yens Stoltenberq NATO-ya 2014-cü ildən rəhbərlik edir. Ötən ilin iyulunda onun səlahiyyətləri dördüncü dəfə uzadılıb.

Diplomatlar deyirlər ki, Rutte indi bu vəzifəyə yeganə rəsmi namizəddir. Estoniyanın baş naziri Kaya Kallas və Latviyanın xarici işlər naziri Krisyanis Karinşin də maraqlandığı, lakin rəsmi olaraq namizəd kimi təqdim edilmədiyi bildirilib.

Bəziləri tərəfindən Stoltenberqin mümkün varisi kimi təqdim edilən Danimarkanın baş naziri Mette Frederiksen cümə axşamı bu ehtimalı istisna edərək, ona NATO liderliyi vəzifəsi təklif edilərsə, bundan imtina edəcəyini bəyan edib.

Forum

XS
SM
MD
LG