Accessibility links

Bayden Rusiyada 500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar elan edib


ABŞ prezidenti Co Bayden cümə günü Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar olaraq Rusiyanın 500-dən çox fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Sanksiyalar həm də rusiyalı müxalifət lideri Aleksey Navalnının Rusiyanın ucqar şimaldakı həbsxanasında ölümü ilə bağlıdır. Bayden Navalnının ölümündə Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

Bayden bəyanatında Navalnını “korrupsiyaya qarşı cəsarətli döyüşçü” və “Putin müxalifətinin misilsiz lideri” adlandırıb.

“Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxsləri, həmçinin maliyyə sektorunu, müdafiə sənayesini, təchizat zəncirini və müxtəlif qitələrdə yerləşən və sanksiyalardan yayınmağa yardım edən şəxsləri hədəf alacaq” - deyə, Bayden bildirib.

ABŞ prezidenti “Biz Putinin ölkə hüdudlarından kənarda aqressiyasına və onun daxilindəki repressiyalarına görə daha da yüksək bədəl ödəməsini təmin edəcəyik”- deyə, vurğulayıb.

Maliyyə nazirinin müavini Uolli Adeyemo Reuters xəbər agentliyinə müsahibəsində deyib ki, digər ölkələrlə ortaq şəkildə qəbul edilən sanksiyalar Rusiyanın hərbi sənaye kompleksini və Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq.

Bu paket Rusiyanın 2022-ci ildə on minlərlə insanın ölümünə səbəb olan Ukraynaya təcavüzündən sonra ABŞ və müttəfiqləri tərəfindən Moskvaya qarşı artıq elan edilmiş minlərlə sanksiyanın sonuncusudur.

Yeni sanksiyalar Konqresin Kyivə əlavə hərbi yardımı təsdiq edib-etməyəcəyinə dair şübhələrə baxmayaraq, ABŞ və müttəfiqlərinin Rusiyaya təzyiqlərini davam etdirdiyi bir vaxta təsadüf edir.

Prezident Co Bayden administrasiyasının Ukrayna üçün əvvəllər təsdiq etdiyi vəsaiti tükənib və əlavə maliyyə tələbi hələ Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası tərəfindən təsdiqlənməyib.

Forum

XS
SM
MD
LG