Accessibility links

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib


Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib (Mənbə: Energetika Nazirliyi)
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərib (Mənbə: Energetika Nazirliyi)

Fevralın 20-də Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salıb.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınan Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir.

“25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir”, nazirliyin məlumatında qeyd edilir.

Ümumi məbləği 7.6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin 11 yanvar tarixlərində Ukraynaya göndərilib.

Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3.3 mln metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.

Fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski görüşüb və ikitərəfli əlaqələri müzakirə edib.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Prezidentlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə sarsılmaz qarşılıqlı dəstəyi vurğulayıb.

Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.

Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar Ukraynaya çatdırılır.

Forum

XS
SM
MD
LG