Azərbaycanın növbəti humanitar yardımı Ukraynaya çatdırılıb.
Azərbaycanın Ukraynadakı səfıri Seymur Mərdəliyev X platformasında yazıb ki, Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci partiyası Ukraynaya çatdırılıb.
Xatırladaq ki, Ukrayna xalqına humanitar yardım məqsədilə nəzərdə tutulan elektrik avadanlıqlarının növbəti hissəsi dekabrın 8-də yola salınıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatında deyilir ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün Enegetika Nazirliyinə 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından ibarət humanitar yardımın ilk hissələri oktyabrın 30-da və noyabrın 21-də Ukraynaya yola salınıb.
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.
Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.
Forum