Accessibility links

Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli əlaqələri müzakirə edib


İlham Əliyev və Volodimir Zelenski (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Volodimir Zelenski (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Fevralın 17-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.

Azərbaycan Prezident Administrasiyasının məlumatına görə, görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyev və Volodimir Zelenski (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Volodimir Zelenski (Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Ukrayna Prezidentinin Administrasiyasının məlumatında isə deyilir ki, Prezident Zelenski İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib və Ukrayna-Azərbaycan əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

"Biz dövlətlərimiz və cəmiyyətlərimiz arasında olan isti münasibətləri həqiqətən yüksək qiymətləndiririk", Zelenski bildirib.

Prezidentlər hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə sarsılmaz qarşılıqlı dəstəyi vurğulayıb.

Görüş zamanı iki lider ticarət-iqtisadi, enerji, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.

Volodimir Zelenski Ukraynanın enerji sisteminin etibarlı fəaliyyətinin təmin edilməsində Azərbaycanın yardımını qeyd edib.

O, həmçinin İrpen şəhərinin yenidən qurulması layihələrinin həyata keçirilməsinə görə İlham Əliyevə təşəkkür edib və Azərbaycanın Ukraynanın iqtisadiyyatının bərpasına bundan sonra da töhfə verəcəyinə ümid etdiyini bildirib.

“Liderlər, xüsusilə enerji sektorunda mümkün birgə iqtisadi layihələri müzakirə ediblər. Konkret olaraq Ukraynanın qaz anbarlarından mümkün istifadəni müzakirə ediblər. Həmsöhbətlər gələcək birgə səyləri əlaqələndirdilər. Volodimir Zelenski İlham Əliyevə İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitinə hazırlıq barədə danışıb”, Ukrayna Prezidentinin Administrasiyasının məlumatında deyilir.

Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən başlayaraq Ukraynaya humanitar yardımlarını davam etdirir.

Bu ölkənin Ukraynaya göstərdiyi humanitar, o cümlədən bərpa və yenidənqurma işlərinə dəstək xarakterli yardımların ümumi məbləği 33 milyon ABŞ dollarından çoxdur. Müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 154 ukraynalı uşaq Azərbaycanda tibbi və sosial-psixoloji reabilitasiya keçib.

Ukraynanın İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına “Linqvist” humanitar liseyi tam bərpa edilib, habelə həmin şəhərdə ciddi dağıntılara məruz qalmış bir sıra sosial təyinatlı obyektlərin Azərbaycan tərəfindən əsaslı bərpası ilə bağlı hazırda müvafiq işlər aparılmaqdadır.

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli sərəncamı ilə Ukraynaya humanitar yardım kimi elektrik avadanlıqları alınması üçün 7,6 milyon ABŞ dolları ayırıb. Elektrik avadanlılarından ibarət humanitar yardımlar artıq Ukraynaya çatdırılıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG